Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 16-da respublikanın 39 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər ingilis dili fənni üzrə monitorinq imtahanı keçirəcək.
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinq imtahanlarında 170 məktəb əhatə olunacaq. İmtahanda Azərbaycan bölməsi üzrə 5454, rus bölməsi üzrə 392 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahan saat 10:00-da başlanacaq və 1 saat 30 dəqiqə davam edəcək.
İmtahanın ilk 1 saat 10 dəqiqəsi sual kitabçasındakı yazı və oxuyub-anlama bacarıqlarının ölçülməsinə aid tapşırıqların yerinə yetirilməsinə, son 20 dəqiqəsi isə dinləmə mətninin səsləndirilməsi və bu mətn üzrə təqdim olunan tapşırıqların cavablandırılmasına ayrılır.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən regionlarda keçirilən kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilir. Bunun üçün DİM tərəfindən xüsusi hazırlıq işləri həyata keçirilmiş, lazımi avadanlıqlar – audio qurğular alınıb. Dinləmə mətnlərin hazırlanması və səsləndirilməsi işi də Mərkəzin əməkdaşları və bu prosesə cəlb olunmuş mütəxəssislər tərəfindən həyata keçirilib.
Xatırladaq ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.