“Ümumtəhsil müəssisələrində keçirilən diaqnostik qiymətləndirmə gələcəkdə yalnız müəllim heyətinə deyil, məktəbin digər heyətinə də şamil edilə bilər”.
Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev ilin son mətbuat konfransında deyib.
İ.Nağıyev bildirib ki, bu il keçirilən diaqnostik qiymətləndirmə sadəcə ümumtəhsil müəssisələrinin müəllimlərinə şamil edildi: “Gələcəkdə ola bilsin ki, biz bu qiymətləndirməni məktəblərin laborant, kitabxana heyəti, eləcə də peşə məktəblərinin müəllimləri üçün də təşkil etdik. Hələ ki, tam dəqiq plan yoxdur”.
İ.Nağıyev onu da əlavə edib ki, 12 bölgədə keçirilən diaqnostik qiymətləndirmə nəticəsində yanvar ayından həmin qiymətləndirmədən keçən müəllimlərin maaşları təxminən 30-40% artırılacaq: “Müəllimin maaşındakı bu artım onun dərs yükünün miqdarı və stajından da asılıdır”.