Azərbaycanda mətbuat vasitələrində, yazılı bildirişlərdə, çap və audiovizual məhsullarda reklam yayımının şərtləri müəyyənləşir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Reklam haqqında” qanunda əksini tapıb.
Qanunun 22-ci maddəsində yer alan müddəalarda bildirilir ki, bu cür vasitələrdə yerləşdirilən reklam dövri mətbu nəşrin ümumi həcminin 30 faizindən çox olmamalıdır. Maddədə o da göstərilir ki, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövrü mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin, alkoqollu içkilərin reklamı qadağan olunur.
Eyni zamanda dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilməyəcək. Bu qadağaya orta məktəblərə aid vəsaitlərin reklamı da aiddir. Qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İqtisadi siyasət komitəsi tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə olunub.