Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov avtoxuliqanlıqla bağlı kitab yazıb. Millət vəkilinin qələmə aldığı kitab «Avtoxuliqanlığın kriminallaşdırılmasının nəzəri və təcrübi problemləri» adlanır. Millət vəkili APA TV-yə deyir ki, hər yol hərəkəti qaydasını pozan sürücünü saxlayıb avtoxuliqan adı ilə cərimə etmək doğru yanaşma deyil. Bunu müəyyən etmək üçün sürücünün törətdiyi ardıcıl qayda pozuntuları nəzərə alınmalıdır. Deputat bu kitabı yazmaqla avtoxuliqanlıqla bağlı qeyri-müəyyən detalları tam aydınladıra bildiyini düşünür: "İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsində avtoxuliqanlığın anlayışı verilib və avtoxuliqanlığın ağırlaşdırıcı halı kimi yalnız onun təkrar törədilməsi göstərilib. Amma biz bilirik ki, təkrar törədilmədən başqa inzibati xəta kimi avtoxuliqanlığın daha da ağırlaşdırıcı halları var. Məsələn, avtoxuliqanlığın qrup halında törədilməsi, sərxoş halda törədilməsi, avtoxuliqanlığın sürücülük hüququ olmayan insanlar tərəfindən törədilməsi. Mən də təklif etmişəm ki, bunlar avtoxuliqanlığın ağırlaşdırıcı halları kimi İnzibati Xətalar Məcəlləsinə daxil olunmalıdır".
Bundan başqa, millət vəkili təklif edir ki, intizamlı sürücü tərəfindən törədilən yol qəzası nəticəsində kiminsə xəsarət almasına və ya ölümünə görə həmin sürücü Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə məsuliyyətə cəlb olunursa eyni əməlin avtoxuliqan tərəfindən törədilməsinə yanaşma fərqli olmalıdır: "Bu əməli avtoxuliqan törətsə, paktikada həmin 263-cü maddə tətbiq olunur. Amma bu, hüquqi baxımdan düzgün deyil. Çünki avtoxuliqanın şəxsiyyəti cəmiyyət üçün daha təhlükəlidir".
Avtoxuliqanlığın qrup halında və başqalarının iştirakı ilə törədilməsinə qarşı ayrıca yanaşmanın və daha ağır cəzasının tətbiqini təklif edən Rafael Cəbrayılovun fikrincə, yol hərəkəti qaydalarının pozulması və avtoxuliqanlığın dinamikası onu göstərir ki, yol hərəkəti sahəsində hüquqi maarifləndirmə işi düzgün təşkil edilməməklə yanaşı, magistral və daxili yollarda yol nişanları, işıqlandırma və digər texniki qurğular lazımı səviyyədə deyil.
Qeyd edək ki, millət vəkili artıq avtoxuliqanlıqla bağlı Milli Məclisdə də qanunvericlik təşəbbüsü ilə də çıxış edib və onun təqdim etdiyi qanun layihəsinin yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.