Dekabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış 9 dini icmaya şəhadətnamələr təqdim edilib. Lent.az-ın komitənin saytına istinadən məlumatına görə, tədbirdə İlham Əliyev tərəfindən elan edilən “İslam Həmrəyliyi İli”nin əhəmiyyətinə toxunan Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov tarixən İslam dünyasının bir parçasına çevrilmiş ölkəmizin bununla öz milli-mənəvi dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirdiyini vurğulayıb.
Dini icma sədrlərinə tövsiyələrini də verən sədr müavini onları cəmiyyətin dini baxımdan düzgün maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsində, eyni zamanda tolerant və multikultural mühitin daha da inkişaf etdirilməsində fəal rol oynamağa, yeni təşəbbüslərlə çıxış etməyə çağırıb.
Sonda icma sədrlərinə qeydiyyat şəhadətnamələri təqdim edilib.
Qeyd edək ki, qeydiyyata alınan dini icmalar Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi “Hacı Bəyverdi” məscidi, Ucar rayonu Alpout kəndi Hz. Əbəlfəzl adına “Cümə” məscidi, Ucar rayonu Müsüslü kənd məscidi, Lənkəran rayonu Şovu kənd məscidi, Lənkəran rayonu Diryan kənd məscidi, İmişli şəhəri “İmam Hüseyn” məscidi, Saatlı rayon Çolpı kəndi “İmam Əli” məscidi Masallı şəhəri, Ərkivan qəsəbə inzibati ərazi dairəsinin “Şeyx Səfi” məscidi və Neftçala rayonu Şirvanlı kəndi “Həsənağa” məscididir. Bununla Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 793-ə çatıb.