“Ölkə üzrə peyvənd planının təxminən 95-96% yerinə yetirilib”.
Lent.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov ilin yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verib.
Şöbə müdirinin sözlərinə görə, bu gün Respublikada yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan tədbirlər epidemioloji sabitliyi qoruyub saxlamağa imkan verib.
2015-ci ildə vərəm xəstəliyindən ölüm hallarının azaldığını vurğulayan G.Poladov deyib ki, vərəmli xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi, bu xəstələrin birinci və ikinci sıra dərman preparatları ilə tam təmin olunması nəticəsində son üç ildə dinamik azalma tendensiyasına nail olunub.
Son illər viruslu hepatitlərə yoluxmuş xəstələrin sayının artmasını nəzərə alaraq cari ildə viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya” yaradıldığını qeyd edən G. Poladov komissiyaya müraciət edən bütün xəstələrdən 2356 nəfərin dövlət hesabına hazırda uzunmüddətli müalicə kursu aldığını deyib.
Şöbə müdiri öz çıxışında qeyd edib ki, ilin əvvəlindən indiyədək 14 nəfərə qaraciyər köçürülüb, 78 xəstəyə endoprotezləşmə əməliyyatı olunub. Minlərlə xəstəyə, o cümlədən 391 uşağa kardiocərrahiyyə əməliyyatı həyata keçirilib. Yalnız 2015-ci ildə Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrdə 2 minə yaxın açıq ürək əməliyyatı icra olunub. 2015-ci il ərzində 7 Gürcüstan və 1 Qazaxıstan vətəndaşına qaraciyər transplantasiyası və 5 Gürcüstan vətəndaşına böyrək köçürülməsi əməliyyatı aparılıb.