Bölgələrdə müəllimlərin sınaq qiymətləndirməsi aparılacaq
15 may 2015 17:39 (UTC +04:00)

Bölgələrdə müəllimlərin sınaq qiymətləndirməsi aparılacaq

 Azərbaycanın bölgələrində müəllimlərin sınaq qiymətləndirməsinin aparılması ilə bağlı artıq hökumətə müraciət edilib.  

 

Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev APA-ya açıqlamasında bildirib ki, bölgələrdə müəllimlərin sınaq qiymətləndirməsinin aparılması Bakıda keçirilən formatda olacaq və müəllimlərin ixtisas, metodika və məntiqdən bilikləri yoxlanılacaq.

 

 İ. Nağıyev deyib ki, bu qiymətləndirmənin Bakıda keçiriləndən heç bir fərqi olmayacaq. Sadəcə olaraq, regionlar və orada çalışan müəllimlərin sayının çox olduğunu nəzərə alaraq sınaq qiymətləndirməsi bölgələrdə hissi-hissə keçiriləcək: “Bütün respublikada bu proses eyni anda baş verməyəcək. İlkin olaraq sınaq qiymətləndirməsi elə bölgələrdə aparılacaq ki, onlar maksimum dərəcədə bu prosesə hazırdır. Rayonlar öz üzərində işləyib müəllim kontingentini yavaş-yavaş o həddə çatdırmalıdırlar ki, artıq sınaq qiymətləndirməsini orada keçirmək üçün zəmin yaransın. Bir çox yerlərdə artıq bu proses gedir və iş aparılır. Artıq sınaq qiymətləndirməsinin harada keçirilməsi ilə bağlı müraciət olunub və hökumətdən cavab gələn kimi bu işlərə başlanacaq”.

 

İ. Nağıyev əlavə edib ki, bölgələrdə müəllimlərin sınaq qiymətləndirilməsinin keçirilməsi ancaq yay aylarında baş verə bilən prosedur olmalıdır. Onun sözlərinə görə, ötən il Bakıda 30 min müəllim 4 gün ərzində sınaq qiymətləndirməsinə cəlb olunub: “Həmin ərəfədə gərək dərs olmasın ki, müəllimlər imtahanlarda iştirak ebə bilsin. Hökumətdən cavab gələn kimi bölgə müəllimlərinin sınaq qiymətləndirməsinin aparılmasına başlansa da, bu proses bütün respublikanı əhatə etməyəcək. İlkin olaraq sınaq qiymətləndirməsinə hazır olan 3-5 rayondan başlanacaq və mərhələli şəkildə icra olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Oxşar yazılar