İyunun 6-dan 9-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevada Beynəlxalq Sülh Bürosu (BSB) tərəfindən Birinci Dünya müharibəsinin 100 illiyinə həsr olunmuş “Sülh mədəniyyəti naminə müharibədən çəkin” adlı tədbir keçiriləcək. Beynəlxalq Avrasiya Mətbuat Fondunun informasiya departamentindən Lent.az-a verilən məlumata görə, bu barədə BAMF-ın sədri, BSB-nin Ali Şurasının üzvü Umud Rəhimoğlu məlumat verib.
Onun sözlərinə görə, tədbiri Sarayeva şəhər meri və UNESCO-nun nümayəndəsi açacaq. Tədbirdə “Qloballaşma və sülh”, “1914-2014 - Tarix və öyrədilmiş dərslər”, “Qeyri-zorakılıq və Sülh mədəniyyəti”, “Rekonsiliasiya və Avropa” mövzularında təqdimatlar olacaq.
Məqsəd Balkanlardan, Avropadan və dünyanın bir çox ölkəsindən 50-dən çox təşkilatdan gələn gənclərin bir araya gələrək dialoqlar qurması, sülh quruculuğu fəaliyyətləri və fikirləri üzrə müzakirələr aparmaqdır.
Axşam isə Avropanın müxtəlif musiqiçilərinin iştirakı ilə festival keçiriləcək. Bağlanış mərasimində Adolfo Perez Esquivel (Argentina), Jan Durnez (Belçika), Bişop Kevin Dovling (Cənubi Afrika), Sonja Biserko (Helsinkinin serbiyadakı İnsan hüquqları komitəsi) və digər ölkələrdən olan tanınmış şəxslər iştirak edəcək.
Qeyd edək ki, BAMF 2001-ci ildən Beynəlxalq Sülh Bürosunun (BSB) üzvüdür.