“Qisasçılar: Final” (“Avengers: Endgame”) filmi yenidən dünya kino tarixinin ən çox gəlir gətirən ekran əsəri olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə nümayiş olunan film təkrar kinoprokat sayəsində Ceyms Kemeronun məşhur “Avatar” filmini geridə qoyub.
Oktyabrın 4-də “Qisasçılar: Final” filminin ümumi gəliri 2 milyard 925,5 milyon dollara çatıb. Həmin vaxt “Avatar”ın qazancı 2 milyard 923,7 milyon dollar təşkil edib. Beləliklə, iki ekran əsəri arasında fərq cəmi 1,8 milyon dollar olub.
Lakin rekord uğrunda mübarizə bununla yekunlaşmayıb. Oktyabrın 22-nə olan “Box Office Mojo” göstəricilərinə əsasən, “Qisasçılar: Final”ın dünya üzrə ümumi gəliri artıq 2 milyard 941 milyon dolları ötüb.
Xatırladaq ki, 2009-cu ildə ekranlara çıxan “Avatar” uzun müddət kino tarixinin ən gəlirli filmi hesab olunub. 2019-cu ildə “Qisasçılar: Final” bu rekordu yeniləsə də, 2021-ci ildə “Avatar”ın yenidən kinoteatrlarda nümayiş etdirilməsi liderliyin dəyişməsinə səbəb olub.
“Disney” şirkəti bu dəfə “Qisasçılar: Final”ı “Encore” adlı genişləndirilmiş versiyada tamaşaçılara təqdim edib. Təkrar nümayiş ilk həftəsonunda 86 milyon dollar, iki həftə ərzində isə ümumilikdə təxminən 126 milyon dollar gəlir gətirib.
Filmin yenidən nümayiş etdirilməsi həm də dekabrın 18-də premyerası gözlənilən “Qisasçılar: Qiyamət günü” (“Avengers: Doomsday”) ekran əsərinə marağı artırmaq məqsədi daşıyır. Yeni filmdə Robert Dauni-kiçik Doktor Dum obrazını canlandıracaq.