Tanınmış şair Qəşəm Nəcəfzadə Lent.az-da yeni silsilə yazılara başlayır. Burada şairin uşaqlıq və yeniyetməlik dövründə yaşadığı mühit, tərəkəmə həyatı, adət-ənənələri, müxtəlif xatirələri yer alacaq. Silsilənin ilk yazısını təqdim edirik.
I YAZI
***
Uşaqlığımın çox hissəsi fermada keçib, atam çoban idi, yerli-dibli tərəkəmə uşağıyam. Yeddi atımız vardı, birinin adı Qulan, yeddi itimiz vardı, birinin adı Lokan. Lokanı demək olar ki, balacalığından mən böyütmüşdüm, südü luk-luk içdiyinə görə adını Lokan qoymuşdum. Sözüm bunlarda yox, tərəkəmələrin ağac davasındadı. Onların yumruqla arası yox. Yumruqları çomaq. Özü də təmiz zoğal ağacından. Əvvəl ocaqda ağacı ütürlər, sonra qabığını soyurlar. Ağacın aşağı ucunu, yəni yumru yerini bıçaqla elə yonurlar ki, ağacın burnu kişi bığına oxşayır.
Atamın beş belə ağacı vardı. Salardı alaçıqla çubuqların arasına. Bunlar atamın toy-nişan ağaclarıydı, yəni dava-şava üçün, elə-belə əlinə götürməzdi. Elə-belə əlinə aldığı həmişə gərməşov ağacıydı... Yüngül olur. Qoyun şehli və yaxud dəli yoncadan köpəndə kürəyinə vururlar, köpü o saat yatır.
Elə ki dava düşdü, atam gərməşov ağacı atır, qaçır evdəki çomağını götürür. Əgər adam karlıdırsa irisini, zəifdisə, naziyini....
Tərəkəmələrin dalaşmağı qansız olur. Atam lap hirsli. Çoxlu davaları düşüb. Hamısı da kino kimi yadımda.
Tərəkəmələrin davası əksərən it və at üstündə düşür. Tərəkəmənin atının quyruğunu qırxarlarsa, bu, ölümlə nəticələnir, yəni at kişi üçün “var-yox” məsələsidir. Tərəkəmənin özünə bir ağac vursan kar eləməz, itinin ağzına bir çubuq çəkdinsə, qanın getdi.
Bir dəfə dağa köç gedirdik, İmişlidən Laçın dağlarına qədər yeddi yurdda əylənirdik, üç gün istirahət edib, təzədən yola düşürdük. Ağır evlərimiz köç dağa çatanda, yəni əsl yurda yetəndə sonradan gəlirdi. Hələlik gedən binə idi, yəni kiçik ev. Çobanların arvadları da özləri ilə gedirdi.
Bir gün Eşşək meydanında bizim obanın başqa bir oba ilə davası düşdü. Dava nə üstə düşsə yaxşıdır? Yenə it üstə.
Qonşu obadan bir kişi gəlib bizim örüşün ortasından keçir. Lokan cumur kişiyə, o biri itlərimizdə Lokana köməyə gəlir, axırda Lokan təcrübəsizlik eləyib çox irəli gedir, kişi karlı bir ağac çəkir Lokanın burunun üstə. Lokan zingildəyir, qanacaq göstərib geri çəkilir, amma kişi qanmır, yenə Lokanı vurur, Lokan burnunun qanını yalaya-yalaya gəlir alaçığın qabağında dayanmış atamın ayaqlarını yalamağa, atamın ürəyi qana dönür, evdəki karlı ağacın birini çəkib gedir kişinin yanına, amma atam da düz eləmir, iki ağacla kişini oturdur yerə. Mən elə bildim iş tamamlandı.
Səhəri o obadan bir kişi də bizim çobanın birini oturdub-qaldırır. Bizimkilər də onların ikisini... Onlar da bizdən üçünü... Beləliklə, dava başlayır. Bu da olur 1973-cü ilin avqust ayında.
Dava düz bir ay dayanmadan davam edir. Dava günlərinin maraqlı mənzərəsi vardı. O tərəfdən arvadlar samovar qaynadır, çay dəmləyir, qoyunlar kəsilir, qazanlar asılır, yeməklər bişir. Eyni zamanda bizim tərəfdə də arvadlar bu cür yemək-içmək, çay dəsgahı qururlar. Məsələ belə olur ki, həm onlar, həm də biz tərəfdən 12 kişi dalaşmağa gedəndə, digər 12-si qayıdıb istirahət eləyir, yeyir-içir, yaralı yerlərini arvadlar sarıyır, sonra bunlar gedir, yorulanlar gəlir. Hər iki tərəf, belə demək mümkünsə, heç bir odlu silah işlətmədən, təhqir və söyüş olmadan “sivil” qaydada döyüşü davam etdirir. Bu döyüşdə atamdan danışmasam, daha bu nə oğulluq olar?
Atamın o vaxt 40 yaşı həmin olardı. Ayaqqabılarını soyundu, şalvarının balaqlarını corabın içinə saldı, sırıqlısını qoluna bəlgə eləyib, girdi döyüşə. Atam çox sürətlə qaçırdı, əks tərəfin adamlarını çırpa-çırpa gedib çıxırdı onlar tərəfdəki təpənin başına, ordan da çırpa-çırpa gəlib çıxırdı bizim tərəfdəki təpənin başına. Atam elə sürətlə qaçırdı ki, onu vurmaq mümkün deyildi. Hər qaçışında onlardan iki-üç nəfər yerə otururdu.
Bir şey dəqiq yadımdadı. Atamın çoban yoldaşı döyüşə koğa (qoyun tutmaq üçün haçalı ağac) girmişdi, atam tez onun koğasını əlindən alıb, təpiklə burnunu sındırdı. Çünki döyüşdə çox asanlıqla koğanı tutmaq olur.
Bir ağsaqqal yox idi ki, davanı dayandırsın, elə ağsaqqal da dalaşırdı, qarasaqqal da. Hökumət də aranda, dağda hökumət nə gəzir?
Düz bir ayın tamamında bizim tərəfdən Sona adlı bir qız girdi döyüşə, atasına kömək eləməyə. Qız da nə qız ola, əsl tərəkəmə qızı ola, at minib, at çapan ola, gəl gör nə meydan sulayır. Əlqərəz, xoşbəxtlik o zaman üzümüzə doğdu ki, Sona qarşı tərəfdən bir kişinin başını ağacla vurub yardı. Elə bu zaman kişi qışqırıb dedi ki, ay camaat, ay Əliqulular camaatı, biz təslim, davanı dayandırın. Hamının qolları yanına düşdü. Hər iki tərəf bir-birinin yanına gəldi. Kişi bizim tərəfdəkilərə üzünü tutub dedi ki, mənim başımı yaran o qız kimin qızıdır? Mərdan dayı irəli yeriyib dedi ki, mənim qızımdı.
Kişi dedi:
- Hələ mənim başımı indiyə kimi yaran olmayıb. O qız ki mənim başımı yardı, onu almalıyam...
Hamı suya-buza döndü, kimi kövrəldi, kimi etiraz etdi. Amma hər iki tərəfin adamları yumşaldı, ağacı yerə atıb bir-biri ilə qucaqlaşıb öpüşdülər, biz tərəfin arvadları da o biri tərəfin arvadları ilə görüşüb hal-xoş elədilər. İtlərimiz itləri ilə iyləşdilər, çulğaşdılar.
Bir aya qədər davam edən davanı, axır ki, sevgi dayandırdı. Yenə sevgi, yenə qadın...