Bərdə rayonundan paytaxta gətirilən 140 kq miqdarında heyvan cəmdəklərinin Respublika Baytarlıq Laboratoriyasının ekspertizasının nəticələri bəlli olub.
DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ekspertizasının nəticələrinə əsasən yoxlanılan 6 nümunə heyvan ətində aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə ətlərin keyfiyyətsiz və baytarıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib. Eləcə də müayinə zamanı Bərdə rayonundan Bakı şəhərinə gətirilən ətlərin aqoniya vəziyyətində və öldükdən sonra kəsilmiş iribuynuzlu heyvanların ətlərinin olması aşkar olunub.
Laboratoriya müayinələrinin nəticəsinə uyğun qəbul edilmiş qərara müvafiq olaraq Bərdə rayonundan gətirilən ətlər baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.
Xatırladaq ki, aprelin 26-da Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssislərinin iştirakı ilə mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə reyd keçirilmişdi.
Reyd zamanı Bərdə rayonundan paytaxta gələn Mustafayev Ramin Fuad oğlunun idarə etdiyi "Mersedes C-230" markalı 99 FL619 dövlət nömrə nişanlı avtomobil Qaradağ rayonunda Dövlət Yol Polisi postunda saxlanılıb. Onun avtomobilinə baxış zaman minik avtomobilində 140 kq miqdarında mənşəyinə və keyfiyyətinə dair heç bir baytarlıq sənədi olmayan heyvan cəmdəkləri aşkar olunub.