Prezident İlham Əliyev Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı məhəllədə tikilən 280 yerlik uşaq bağçası ilə tanış olub.
Prezident İlham Əliyevə məlumat verən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, zəruri avadanlıqla təchiz olunan bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb. Azərbaycan Prezidenti bağçanın binasında görülən işlərlə, ayrı-ayrı otaqlarda yaradılan şəraitlə yaxından tanış olub. Binada tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Bağçada uşaqların istirahəti üçün hər cür şəraitin yaradılıb. Həyətyanı sahədə də abadlıq tədbirləri görülüb, uşaqlar üçün xüsusi guşələr yaradılıb, müasir işıqlandırma sistemi qurulub.
Sonra Prezident İlham Əliyev 540 yerlik Ağdam rayon 1 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış olub. Məktəbin foyesində Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə qayğısını və Ağdamdan olan məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlər quraşdırılıb. Burada indiyədək istifadəyə verilən yeni qəsəbələrin fotostendləri də qurulub. Dövlət başçısı məhəllənin baş planı ilə tanış olub.
Bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub. Buraya 866 ailə və ya 3900 məcburi köçkün köçürüləcək. Həmin ailələrin 700-ü Ağdam, qalanları isə digər rayonlardan olan məcburi köçkünlərdir. Məhəllənin ərazisi 16 hektardır. Mənzillərin 70-i birotaqlı, 430-u ikiotaqlı, 325-i üçotaqlı, 25-i isə dördotaqlıdır. Burada klub-icma mərkəzi, tibb məntəqəsi və ATS tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdə rayonunun kommunikasiyalarına qoşulub. Yeni məhəllə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunub. Məhəllənin tikintisinə 2012-ci ilin fevralında başlanılıb və bu ilin sentyabrında başa çatdırılıb.
Məktəblə tanışlıq zamanı qeyd olunub ki, yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlığı ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Dövlət başçısı daha sonra Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində olub. Ailə üzvlərinin sayı beş nəfərdən ibarət olan Səfurə Hüseynovanın mənzili üçotaqlıdır. Burada ailənin yaşaması üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət edib. Ev sahibi məcburi köçkünlər üçün yaradılan bu gözəl şəraitə görə dövlət başçısına təşəkkür edib.