Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Yusif Seyidov vəfat edib. Lent.az-ın məlumatına görə, alim bu gün dünyasını dəyişib. Y Seyidov 1929-cu il mayın 2-də Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub. "Müasir Azərbaycan dilində feli bağlama tərkibləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1955). Universitetdə Ümumi dilçilik kafedrasında müəllim, baş müəllim, dosent (1955-1967), professor (1967-ci ildən) işləyib. "Müasir Azərbaycan dilində söz birləşmələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1965). Universitetdə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına əsası qoyulduğu ilk gündən rəhbərlik edib (1965-ci ildən). Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, tənqidçi və ədəbiyyatşünas kimi də çalışmış, dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk məqaləsi 1952-ci ildə "Azərbaycan müəllimi" qəzetində dərc olunub. Rus dilli məktəblər üçün "Azərbaycan dili" dərsliyinin müəllifidir.
Allah rəhmət eləsin!