Son günlər Səbail rayonu Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpdığından həmin zonada olan yaşayış evlərinin bütün kommunikasiya xətləri kəsilib. Sakinlərdən Lent.az-a daxil olan şikayətə görə, Bayıl ərazisində təhlükə riskinin olmadığı evlərdə də eyni vəziyyətdir. “Yuxarı məhəllə” adlanan, Cənub Dərə küçəsinin sakinlərinin də bütün kommunikasiya xətləri kəsilib.
Belə ki, həmin ərazidə yerləşən evlərdə də artıq beş gündür ki, nə qaz, nə işıq, nə də su var. Neçə gündür çətin durumda qalan sakinlər bununla bağlı ölkə rəhbərliyinə müraciət ünvanlamağa hazırlaşırlar.
Şikayətçilərin tək istəyi, sürüşmə zonasında təhlükə problemi tam aradan qaldırılana kimi heç olmasa təhlükə zonasına daxil olmayan evlərdə kommunal xidmətlərin bərpa edilməsidir.
Qeyd edək ki, “Teleqüllə” ətrafında sürüşmə hadisəsi baş verib və orada hazırda stabil vəziyyət hökm sürür.