Avropa Oyunları ərəfəsində Bakıda maraq doğuran məsələlərdən biri də piyada keçidləri və əhalinin bu keçidlərdən istifadə etməsi ilə bağlıdır. Lent.az-ın məlumatına görə, zaman-zaman paytaxtın müxtəlif yollarında piyadalar keçidlərdən istifadə etmədiklərinə görə, qəzaların qurbanı olurlar. Şəhərin mərkəzi hissələrində isə piyada zolaqlarının az olması, piyadaların narahatlığına səbəb olur. Bakıda piyada keçidlərinin tikintisi və istismarı ilə bağlı məsul olan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən verilən məlumata görə, paytaxtda yerüstü və yeraltı olmaqla ümumilikdə 85 piyada keçidi var. Onlardan 43 yerüstü, 42-si isə yeraltıdır. 85 keçiddən ümumilikdə 74 yeni inşa edilmiş piyada keçidləridir.
Son vaxtlarda, Avropa oyunları ərəfəsində Bakıdakı 11 köhnə piyada keçidindən 10-u yenidən qurulub. 1 piyada keçidinin isə yenidən qurulmasına ehtiyac olmayıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirir ki, idarə tərəfindən küçə və prospektlərdə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb və piyada zolaqları çəkilib: “Lazım olan yerlərdə piyada zolaqlarının xətləri yenidən rənglənib”.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Kamran Əliyev bildirir ki, hər hansı bir nəfərin yol hərəkət qaydalarını kobud şəkildə pozması ölkə, xalq haqqında mənfi fikir formalaşdıra bilər: “Biz həmişə piyadaların yol hərəkət qaydalarını pozan şəxslərə qarşı ictimai qınaq formalaşdırmasını istəmişik.İstər piyada, istərsə də sürücü yol-hərəkət qaydalarına düzgün riayət etməlidir”.
K.Əliyev azyaşlı və yeniyetmələrin öz valideynləri tərəfindən yol-hərəkəti qaydaları ilə bağlı vaxtında tərbiyə edilməli olduğuna diqqət çəkir: “Valideynlər övladlarına onlar uşaq olarkən düzgün yol hərəkət qaydalarını, yol mədəniyyətini öyrətməlidirlər. Uşaqla şəhərə çıxanlara tövsiyə edirik ki, balacalara yaxşı nümunə olsunlar, piyada keçidlərindən istifadə etsinlər və yolun hərəkət zolağına çıxmasınlar. Ümumiyyətlə azyaşlılara yol mədəniyyətini indidən aşılamaq və onlara yaxşı nümunə olmaq lazımdır”.
BDYPİ rəsmisi əlavə etdi ki, Avropa Oyunları ərəfəsində və yarışların keçirildiyi günlərdə də piyadaların törətdikləri xətalarla bağlı ciddi tədbirlər görüləcək: “Yol Polisi Avropa oyunları vaxtı gücləndirilmiş rejimdə çalışacaq və qaydaları pozan, keçidlərdən istifadə etməyən piyadalar İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsi əsasında cərimələnəcəklər. Bakı ilə yanaşı, yarışların keçiriləcəyi Mingəçevirdə də yol polisi piyadaların keçidlərdən istifadəsinə nəzarət edəcək. Bizim əksər əməkdaşlar keçən aydan xarici dil kurslarına da cəlb edilib və bu iş əcnəbilərlə də həyata keçiriləcək”.