700 illik yalan: Taunun mənşəyi  ilə bağlı ən məşhur fakt təkzib edildi
06 dekabr 2025 14:52 (UTC +04:00)

700 illik yalan: Taunun mənşəyi ilə bağlı ən məşhur fakt təkzib edildi

0

Alimlər sensasion açıqlama ilə çıxış ediblər: Qara ölümün mənşəyi və “sürətli yayılması” barədə formalaşmış nəzəriyyənin əsasında dayanan əsas sənədin tarixi mənbə deyil, bədii əsər olduğu müəyyən edilib.

Lent.az xəbər verir ki, "Journal of Arabic and Islamic Studies"dərc olunan yeni tədqiqat, əsrlərdir davam edən fərziyyəni, taunun guya Çindən Avropaya 10 ildən az müddətdə ildırım sürəti ilə yayıldığı fikrini ciddi şəkildə şübhə altına alır.

Mifin “tarixi fakt”a çevrilməsi

Uzun illər qəbul edilmiş bu nəzəriyyənin əsas mənbəyi XIV əsr suriyalı müəllif İbn əl-Vardiyə məxsus idi. Əsər bədii üslubda yazılmasına baxmayaraq, yüzilliklər ərzində xəstəliyin Asiya boyunca hərəkətini təsvir edən tarixi sənəd kimi təqdim edilirdi.

Araşdırma göstərib ki, makama heç vaxt xronika kimi qələmə verilməyib. Bu, dövrün qorxu, çaşqınlıq və mənəvi sarsıntılarını ifadə edən allegorik bir ədəbiyyat nümunəsi idi. Səhv interpretasiya daha orta əsrlərdə yaranmış və sonradan Avropalı tarixçilər tərəfindən təkrarlanaraq “fakt” kimi yayılmışdır.

Bir uydurma süjetin qlobal nəticələri

İbn əl-Vardinin mətni əsasında “sürətli tranzit narrativi” formalaşmışdı: Yersinia pestis-in guya 10 ildən də az müddətdə Mərkəzi Asiyadan Qara dəniz sahillərinə çatdığı iddia edilirdi. Hətta müasir genetik araşdırmalar belə, xəstəliyin mənşəyini müəyyən edərkən bu şübhəli xronologiyaya istinad edirdi – halbuki həmin məlumat bədii metaforadan qaynaqlanırdı.

Tədqiqatçılar bildirirlər ki, İbn əl-Vardi bu cür bədii təsvirlərdən istifadə edən yeganə müəllif olmayıb. As-Safadi və əl-Makrizinin əsərlərində də taun sanki yollarda gəzən qonaq, cəza verən qüvvə və ya səyahətçi kimi tasvir edilirdi. Bu obrazlar sonradan səhvən real coğrafi məlumat kimi qəbul olunmuşdu.

Yeni kəşf nəyi dəyişir?

Alimlər qeyd edirlər ki, bu araşdırma nə pandemiyanın baş verməsini, nə də onun dəhşətli miqyasını (Avropada əhalinin 30–50%-i həlak olmuşdu) inkar etmir. Lakin taun pandemiyasının yayılma sürəti və mexanizmləri barədə elmi təsəvvürləri kökündən dəyişir.

Eyni zamanda tədqiqat makamalara həqiqi funksiyasını geri qaytarır, onları insanların faciəni necə dərk etdiyini və mənəvi baxımdan necə yaşadığını əks etdirən mədəni mənbələr kimi təqdim edir. Araşdırma müəllifləri bunu COVID-19 dövründəki kollektiv reaksiyalar, miflərin yaranması və simvolik izahlarla müqayisə edirlər.

Tədqiqatçılar vurğulayırlar ki, bu hadisə bir daha göstərir: bədii metaforanı fakt kimi qavramaq elm üçün son dərəcə təhlükəlidir və tək bir interpretasiya xətası onillərlə davam edən yanlış elmi modellərə səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar