Bakı təhsil işçilərinin konfransı keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin, eləcə də “Ən yaxşı müəllim” müsabiqəsi qaliblərinin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş və yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların nümayəndələri iştirak edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov təhsil işçilərinin sentyabr konfransında “2012/2013-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra tədbirdə məktəb direktorları və müəllimlərin fikirləri, təklifləri dinlənilib.
Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov da təhsil sahəsindəki nailiyyətlər və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. Nazir həmçinin səsləndirilən fikir və təkliflərə öz mövqeyini açıqlayıb.
Qeyd edək ki, sentyabr konfransının bütün fənlər üzrə metodik bölmə iclaslarında ölkədə aparılan təhsil islahatları ilə əlaqədar qazanılmış uğurlar, qarşıya çıxan çətinliklər, fənn kurikulumları və şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni mexanizmin tətbiqi, məktəbəhazırlıq qruplarında işin təşkili, hər bir fənn üzrə təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris proqramları və dərsliklərin səviyyəsi, metodik xidmətin effektiv təşkili, idarəetmənin demokratikləşdirilməsi kimi məsələlər müzakirə edilərək əməli təkliflər hazırlanacaq.