Azərbaycanda bu gündən Həccə gedəcək zəvvarlara vizaların verilməsi üçün Səudiyyə Ərəbistanının Bakıdakı Səfirliyində sənəd qəbulu başlayıb.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, artıq idarədə ödəniş edərək qeydiyyatdan keçən zəvvarların sənədləri səfirliyə təqdim olunmağa başlayıb. Gələn ayın sonunadək zəvvarlara vizaların verilməsi tamamlanacaq.
İdarədən bildirilib ki, bu il Həccə gedəcək azərbaycanlı zəvvarlar üçün ziyarət qrafiklərinin rəsmiləşdirilməsi, otellərin müəyyənləşdirilməsi və sair tamamlama işləri ilə bağlı QMİ nümayəndə heyəti Səudiyyə Ərəbistanına yola düşüb.
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedə biləcəklər. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötənilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır. Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsilə yox, nağd şəkildə QMİ-yə ödənilir. Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.