Hirkan Milli Parkında Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinqlər zamanı foto-tələlər vasitəsilə daha bir Qafqaz bəbirinin fotoşəkli çəkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 25 oktyabr 2012-ci il tarixində də Hirkan Milli Parkının ərazisində quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin fotoşəkli çəkilib.
Bu faktlar son illərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına real nümunə hesab olunur və nəticə etibarilə bəbirin yaşaması, onun qida obyektləri olan iri dırnaqlı heyvanların (beoar keçi, muflon və s.) sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir. Son illər Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verib. Aparılan tədbirlərin nəticəsidir ki, son zamanlar Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində bəbirlər özlərini daha təhlükəsiz hiss edərək sərbəst yaşayır və tez-tez müşahidə olunurlar.