“Bu günə qədər ölkədə "donuz qripi"nə şübhəli hal, "donuz qripi"nin törədicisi olan H1N1 virusu tapılmayıb”.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyasının (RTƏS) laboratoriya müdiri Musa Cahanov məlumat verib.
Donuz qripinin ( H1N1 virusu) yüksək yoluxucu kəskin respirator xəstəlik olduğunu deyən M.Cahanov qeyd edib ki, bu xəstəlik əsasən donuzla təmas etdikdə yoluxulur, ancaq bəzi hallarda insandan insana da yoluxma baş verə bilər: “ Yəni donuz qripinə artıq yoluxmuş bir insandan hava-damcı yolu ilə sağlam bir insana bu virus keçə bilər”.
“Donuz qripi” xəstəliyinin əlamətlərinə görə adi qripdən heç fərqlənmədiyini vurğulayan M.Cahanov deyib ki, bəzi hallarda yüngül formada keçirilən xəstəliyin tam sağalması mümkündür: “Adi qripdə olduğu kimi yoluxmuş şəxslərdə yüksək temperatur, öskürək, boğazda ağrı, zökəm, əzginlik, baş ağrı, titrətmə, bəzən ishal və qusma baş verə bilər. Xəstəliyin müalicəsində də qrip əleyhinə istifadə edilən dərman preparatları işlədilir və xəstə qısa zaman ərzində sağalır”.
Ancaq M.Cahanov müstəsna hallarda ağırlaşmaların yaşandığını deyərək, bu xəstəliyin 5 yaşadək, əsasən 2 yaşadək olan uşaqlarda, 65 yaşdan yuxarı şəxslərdə, hamilə qadınlarda və xroniki xəstəlikləri olan xəstələrdə daha ağır yaşandığını və pnevmaniya kimi ciddi ağırlaşmalarla nəticələndiyini xüsusi vurğulayıb
M.Cahanov deyib ki, xəstəliyin əlamətləri müşahidə ediləndə həmin şəxs ayrı otaqda təcrid edilməlidir və ona qulluq edən şəxs tibbi maskadan istifadə etməli, əlləri tez-tez yumalı, çirkli əlləri üzə, buruna, gözə toxundurmamalı, belə xəstələri gördükdə onlardan uzaq durmalı və sağlam həyat tərzi keçirməlidir. Və şəxsi-gigiyenik şərtlərə əməl edərək bu xəstəliyə yoluxma riskini azaltmaq mümkündür.
M.Cahanov əlavə edib ki, əlamətlərinə görə “donuz qripi”ni adi qripdən ayırmaq ancaq laboratoriya müayinələrdən sonra mümkündür: ”Müayinələr Taun Əleyhinə Stansiyasının virusoloji laboratoriyalarında aparılır. Qriplə müşahidə edilən xəstəliklərin nümunələri götürülür və müayinəsi aparılır”.
M. Cahanov hazırda Azərbaycandan İrana gedib-gələn sakinlərin çoxluğunu nəzərə alaraq onların qayıdanda müayinədən keçməsini məsləhət görüb : “Həmin şəxslər qrip əlamətləri varsa, qayıdanda müayinədən keçməlidir. Bildiyiniz kimi, sərhəd keçid məntəqələrində dövlət gömrük komitəsinin tabeliyində olan sanitar karantin şöbələri fəaliyyət göstərir. Başqa ölkələrdən, o cümlədən İrandan gələn həm öz vətəndaşlarımız və xarici vətəndaşlar üzərində ciddi nəzarət aparılır. Əgər şübhəli hal müşahidə edilsə, şəxs dərhal təcrid edilir və tibbi müəssisələrə məlumat verilir. Həmin şəxsdən götürülən nümunələr Taun Əleyhinə stansiyanın laboratoriyasında müayinə edilir və virus aşkarlandığı halda lazımı tədbirlər görülür. Bu günədək müayinələrin hamısının nəticələri mənfi olub”.
Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktoru Rakif Abdullayev də Lent.az-a verdiyi məlumatda hələ ki stansiyaya “donuz qripi” ilə bağlı müraciət daxil olmadığını və Səhiyyə Nazirliyinin bu tip xəstəliklər üçün nəzərdə tutduğu xüsusi palataların hər ehtimala qarşı tam hazır vəziyyətdə saxlandığını bildirib.
Qeyd edək ki, son günlər İranda “donuz qripi”ndən ölənlərin sayı 40 nəfərə çatıb.