Eşşək, çaqqal, tülkü, at, inək və canavarın da hücumuna məruz qalanlar var
Avqust ayında Azərbaycanda 1592 nəfəri müxtəlif heyvanlar dişləyib.
Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva söyləyib.
Başqa sözlə, 1356 nəfəri it, 123 nəfəri pişik, 67 nəfəri siçovul, 31 nəfəri başqa heyvanlar (eşşək, çaqqal, tülkü, at, inək, canavar və s.) dişləyib. Vəhşi heyvanlar əsasən Masallı, Şamaxı, Sabirabad, Ağdaş, Qəbələ və Qazaxda insanları dişləyib.
Ümumilikdə dişləmələrin sayı isə keçən ilin analoji dövrü ilə müqayisədə 227 fakt azdır. Keçən ilin avqust ayında 1819 nəfəri müxtəlif heyvanlar dişləyib. Yəni 1551 nəfər it, 158 nəfər pişik, 80 nəfər siçovul, 30 nəfər başqa heyvanların dişləməsinə məruz qalıb.
Elmira Əliyeva paytaxt üzrə qeydə alınan heyvan dişləmələrinin statistikasını da açıqlayıb. Avqust ayında Bakıda 490 dişləmə faktı qeydə alınıb. 372 nəfəri it, 59 nəfəri pişik, 34 nəfəri siçovul, 10 nəfəri başqa heyvanlar dişləyib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 66 fakt azdır. Keçən ilin avqust ayında 380 nəfəri it, 97 nəfəri pişik, 63 nəfəri siçovul, 16 nəfəri başqa heyvanlar dişləyib.
Avqust ayında dişləmələr nəticəsində insanlarda quduzluğa yoluxma halı və quduzluqdun ölüm faktı qeydə alınmayıb. Elmira Əliyeva keçən illə müqayisədə ümumən dişləmə faktlarının azalmasını insanlar arasında aparılan maarifləndirmə işi ilə əlaqələndirib: “İnsanlar dişləmə halları olarkən dərhal vaksin vurdururlar, bu da quduzluğa yoluxmanın qarşısını alır. Təsadüfi deyil ki, 2012-ci ildə 8 quduzluğa yoluxma və nəticədə 8 ölüm faktı qeydə alınmışdı, bu ilin 6 ayında isə quduzluğa yoluxma və bununla bağlı ölüm faktı qeydə alınmayıb”.