Azərbaycanda 1000 uşaq şəkərli diabet xəstəsidir.
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, ölkədə uşaqlar arasında I tip şəkərli diabet, yəni insulindən asılı olan forması daha çox müşahidə edilir.
Onun sözlərinə görə, uşaqlarda bu xəstəlik bir qədər ağır formada olur və ilk gündən insulindən asılı olmalıdır: “Bəzən valideynlər müraciət edirlər ki, insulin vurulmasın, pəhriz saxlanılsın. Amma bu mümkün deyil, uşaqlar ilk gündən tamamilə insulin-terapiyada olmalıdırlar”.
Şəkərli diabet xəstələrinin dərmanla təchizatı məsələsinə gəlincə, R.Cabbarov qeyd edib ki, Azərbaycanda şəkərli diabetlə bağlı dövlət proqramı qəbul edilib və ildən-ilə xərclər artırılır. Onun sözlərinə görə, əgər əvvəllər dərmanlarla bağlı qıtlıq var idisə, bu gün bu problem Bakıda praktiki olaraq həll edilib. Bəzi regionlarda şəkərli diabet xəstələrin dərmanla təchizatı probleminin tam olaraq öz həllini tapmadığını deyən R.Cabbarov yaxın gələcəkdə bu problemin də həll ediləcəyinə inandığını söyləyib.