Bu dəfə üzümü qadın oxucularıma tuturam. Böyük bir qüsurumuz var, əzizlərim. Çox böyük və başımıza böyük dərdlər açan qüsur. Bircə qüsurumuz var, vəssalam.
Bircə qüsurumuz var, oxucu qadınlar. Qadının yeganə və böyük qüsuru...
Nə? Yazacam, qoy toparlanım, fikrimi bir yerə yığım. Çünki çox dəhşətli qüsurdu. Hər gördükcə sarsıdır adamı. Hər dəfə təəssüf edirsən. Qadının ən böyük qüsuru öz cinsinə sayğısız yanaşmasıdı.
Qadın öz cinsinə hörmət eləmir. Bu onun ən böyük bəlasıdı.
Bütün bəlaların təməl daşıdı. Həyatınıza baxın, ağlınızda olanlara fikir verin, arzularınıza, sevincinizə diqqət yetirin. Hansı özünüzlə bağlıdı? Hansında cinsinizlə bağlı nəsə var? Hansında qadın öndədi? Hansında qadına sayğı var? Hansında qadın önəmlidi? Nə iş görürsüz, xanımlar?
Bir-birinizi didirsiz, bir-birinizi öldürməyə hazırsız. Səbəb: kişi...
Kişi üçün saçyolduya çıxmaq...iyrənc. Kişi uğrunda özünüzü nə qədər aşağılayırsız, aman Tanrım...
Sevmirsiz bir-birinizi, xanımlar. Nifrət edirsiz bir-birinizə. Qısqanırsız, paxıllanırsız, dalaşırsız.
Öz cinsinizə heç bir sayğınız yoxdu. Əks cinsi Allah sayırsız nədi? Niyə belə edirsiz?..
Bir-birinizin qeybətini qırırsız, bir-birinizi bəyənmirsiz.
Bir qadın tanıyıram. Altı il bir oğlanın dalınca düşdü, əl çəkmədi. Bütün aşağılamalara dözdü, alçaltdı özünü, yerin dibinə qədər getdi. Ona ərə getməyi qarşısına məqsəd qoymuşdu.
Kişi də bunun fərqində idi. Anlayırdı, görürdü ki, bu qız onu əldə etmək üçün özünü yerlə-yeksan edir. Bunu hiss edən adam özünü nə sayar? Allah saymaz? O da sayırdı. Özünü dünyanın mərkəzi bilirdi. Gah deyirdi, köksən mən kök arvad istəmirəm. Qız aylarla pəhriz saxlayıb çöpə dönürdü. Bu səfər deyirdi, işləyirsən, mən işləyən qadın istəmirəm. Qız özünü hər şeydən təcrid edib otururdu evdə.
Sonra da “maraqsızsan, evdə oturub ev arvadına dönmüsən” dedi, qız da təzədən işə düzəldi.
Gah dedi, filan şeyi eləsən səni alaram, qız onu elədi. Gah dedi, yox, sən mənim zövqümdə deyilsən, mən gözəl arvad istəyirəm. Qız epilyasiyalarda, aerobikalarda, gözəllik salonlarında, estetik əməliyyatlarda yatıb qaldı. Ciddi deyirəm, real hadisə danışıram.
Təhqirlər, məzələnmələr, ələ salmalar bitmirdi. Sonunda qadın istədiyinə nail oldu. Adam evləndi onunla. Niyə evləndi bilmirəm. Çünki evlənmək istəyən kişi altı il gözləmir. Həmən qərar verir. Uzağı bir ilə hər şey aydınlaşır. Hətta bir il də çoxdu. Psixologiyaya görə iki həftəyə bütün qaranlıq məqamlar ortaya çıxır, hər şey aydınlaşır.
Amma niyə o sizinlə evlənməlidi? Qadın həyatını niyə kişiyə hesablayır, mən bunu anlamıram.
Evlənmək istəyər, istəsən ərə gedərsən ona, evlənmək istəməz cəhənnəmə evlənsin. Niyə sən onu itirməkdən qorxursan? Guya bir kişinin başqa kişidən fərqi nədi?
Həm sən niyə düşünürsən ki, həyatının kulminasiya nöqtəsi ərə getməyindi. Yanlış.
Bir evli qadın göstər mənə və de ki, həyatın kulminasiya nöqtəsində yaşayır.
Qadın kişiyə əks cins kimi yox, sığınacaq, çıxış yolu kimi baxır.
Cəmiyyət beyninə yeridib: qadının əsas işi ailədi, evdi, ərdi.
Pay atonnan. Həyatda maraqlı bilirsən nə qədər iş var? Özünə məşğuliyyət tap, sevdiyin işlə başını qat, idman elə, üzgüçülüyə yazıl. Sənə kişi ancaq ana olmaq üçün lazımdı. Bir də seks üçün. Onda başqa şeylər axtarırsan deyə əsəblərin pozulur. Birdəfəlik anla, kişidə bundan başqa heç nə yoxdu, olmayıb, olmayacaq. Kinolara - zada baxıb romantikaya düşmə.
Əgər həqiqətdə kişi romantik, duyğusal olsaydı heç kim bunu film süjeti etməzdi. Bu ona görə diqqət çəkir ki, yoxdu, olmayıb, olmayacaq.
Yüz ildi filmlərə ssenari yazılır. Kişi gəlir qaldırıcı kranla, əlində gül dəstəsi qadının mərtəbəsinə çıxır. Ona sevgi etirafı edir. Yüz ildi eyni süjet və yüz ildi sən baxıb kövrəlirsən. Bunu kişiyə örnək kimi göstərirlər, “belə et” deyirlər. Nə dəyişir? Adamın zatında yoxdu. Yüz ildi sən baxıb kövrəlirsən, o da qanmaz-qanmaz gəzib dolanır. Heç tükü də tərpənmir. Əksinə, ələ salır bu cür filmləri.
Nəyi o bacarır, sən bacarmırsan? Bu sual haqda düşünmüsən? Yox! Çünki sən avtomat beyninlə əminsən ki, hər şeyi o bacarır. Başa düş, sevgi uğrunda sən intihar edirsən, o yox.
O isə incidir, vəssalam. Uzaq başı oturub içir. Bu qədər bəsit.
Davamı sabah...