Avropa Azərbaycan Məktəbinin şagirdləri olimpiadada qızıl medallar qazanıblar
12 noyabr 2015 19:14 (UTC +04:00)

Avropa Azərbaycan Məktəbinin şagirdləri olimpiadada qızıl medallar qazanıblar

Noyabrın 2-8-də Türkiyənin Antalya şəhərində məktəblilərin və kollec tələbələrinin VII Beynəlxalq Bilik Olimpiadası keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, olimpiada Rusiyanın Antalyadakı baş konsulluğu, Antalya şəhər meriyası, Beynəlxalq Turizm Akademiyası, Beynəlxalq Turizm Kolleci və Antalyadakı Rus Məktəbi tərəfindən təşkil olunub.

 

Olimpiadada şagird və tələbələr riyaziyyat, fizika, kimya, ingilis dili, rus dili, coğrafiya və təsviri incəsənət fənləri üzrə yarışıblar, özlərinin bilik və bacarıqlarını nümayiş etdiriblər.

 

Olimpiada şagirdlərdə yaradıcılıq, elmi-tədqiqat qabiliyyətlərinin inkişaf etdirilməsi, şagirdlər arasında  mədəniyyətlərarası ünsiyyətin inkişafı məqsədi daşıyıb. Olimpiadada 10 ölkənin, o cümlədən Rusiya, Ukrayna, Belarus və Qazaxıstanın 30-dan çox məktəbini təmsil edən 300-dən artıq şagird iştirak edib. Azərbaycanı bu olimpiadada 5 məktəb: Avropa Azərbaycan Məktəbi (AAM), Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Akademik Zərifə Əliyeva adına Lisey, Bakı Modern Məktəbi və XXI əsr  Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi təmsil edib. Şagirdlərə bir neçə fənn üzrə olimpiadada iştirak etmək üçün şərait yaradılıb.

 

Olimpiadada Avropa Azərbaycan Məktəbinin 12 şagirdi iştirak edib. X sinif şagirdləri Əşrəf Sadıxov ingilis dilindən qızıl, coğrafiyadan bürünc, Hüseynli Şəhriyar coğrafiya üzrə qızıl, ingilis dili üzrə gümüş, Mahmudova Lamiyyə ingilis dili üzrə gümüş, coğrafiya üzrə bürünc və Hüseynli Əminə riyaziyyat üzrə gümüş, fizika üzrə isə bürünc medallara layiq görülüblər.

 

IX sinif şagirdi Süleymanov Vaqif ingilis dili, coğrafiya və riyaziyyat fənlərindən 3 qızıl medal qazanıb. Onun sinif yoldaşları Məmmədova Günel ingilis dili  üzrə qızıl, riyaziyyat və coğrafiya üzrə bürünc, Əlizadə Yusif riyaziyyat üzrə qızıl, gümüş, ingilis dili və coğrafiya üzrə bürünc, Məlikli Fatimə isə təsviri incəsənət fənni üzrə qızıl medallara layiq görülüblər.

 

VIII sinif şagirdləri Rzayeva Şahanə ingilis dili üzrə qızıl, kimya üzrə gümüş, Xasıyev Fuad riyaziyyat, coğrafiya, rus dili fənlərindən bürünc və Süleymanlı Qədir riyaziyyat fənnindən gümüş, ingilis dili və fizika fənnindən isə bürünc medallara layiq görülüb.

 

Ən gənc iştirakçılarımızdan biri - VII sinif şagirdi Bəşirov Məhəmməd də yüksək bilik nümayiş etdirib. Münsiflər heyəti onun ingilis dilindən biliyini qızıl, riyaziyyat fənnindən isə gümüş medala layiq görüblər.

 

Riyaziyyat fənni üzrə olimpiadaya qatılan 8 şagirdmizdən 7-si yer tutub. Coğrafiya fənni üzrə məktəbi təmsil edən 7 şagirddən 7-si  də yer tutub. İngilis dili fənni üzrə olimpiadaya qatılan şagirdlərimizdən beşi qızıl, ikisi gümüş, ikisi isə bürünc medal qazanıb.

 

Ümumilikdə AAM şagirdləri Azərbaycana 28 medal, o cümlədən 9 qızıl, 7 gümüş, 12 bürünc medalla qayıdıblar. Onlar, habelə ingilis dili fənni üzrə komanda yarışlarında I yeri, coğrafiya fənni üzrə isə III yeri əldə edərək iki kubok qazanıblar.

 

Xatırladaq ki, Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilib, yerli və beynəlxalq kurikulum əsasında dünyanın ən qabaqcıl təhsil standartları ilə fəaliyyət göstərən modern təhsil müəssisəsidir. Məktəb 2013-cü ildə dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) üzv qəbul edilib.

 

2015-ci ilin iyun ayında Avropa Azərbaycan Məktəbi dünya məktəbi olaraq İB (İnternational Baccalaureate / Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP) üzrə təhsil verən məktəb statusu qazanıb. Məktəbdə İB Diplom Proqramı üzrə tədris aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 169
avatar

Oxşar yazılar