Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı bu il ölkəmizdə keçiriləcək Prezident seçkilərinin ölkə üzrə müşahidəsini təşkil edəcək. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Assosiasiya regionlarda müşahidəçilər üçün treninqlərə start verib. AVCİYA Xaçmaz regional ofisinin təşkilatçılığı ilə avqustun 13-15də Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları üzrə seçki məntəqələrində müşahidə aparacaq şəxslərə 8 treninq keçirilib. Treninqlərdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı çıxışlar edərək Azərbaycanda keçirilmiş Prezident seçkiləri, AVCİYA- nın nəşr etdiyi 3 Seçki Bülleteni, Seçki Məcəlləsinə edilmiş son dəyişiklər, müşahidəçilərin hüquq və vəzifələri, seçki saxtakarlıqlarının qarşısının alınması yolları və digər məsələlər barədə geniş məlumat verib. Treninqlərdə AVCİYA Xaçmaz regional ofisinin rəhbəri Solmaz Mehdiyeva da çıxış edərək müşahidəçilərə öz tövsiyyələrini bildirib. Hər tədbirin sonunda treninq iştirakçılarının suallarına cavablar verilib.
AVCİYA Seçki Qərargahı regionlarda keçirdiyi treninqlərlə yanaşı “Müşahidəçilər üçün yaddaş kitabçası” da nəşr edib ki, bu da müşahidələrin yüksək səviyyədə təşkili üçün vacibdir.
Avqustun 17 və AVCİYA Şirvan regional ofisinin təşkilatçılığı ilə Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Neftçala müşahidəçiləri üçün növbəti treninqlər keçiriləcək.