Asfalta səpilən qərənfillər
23 oktyabr 2015 12:23 (UTC +04:00)

Asfalta səpilən qərənfillər

 

 

Hər səhər avtobusla işə gələndə Bayraq meydanının yanından keçirəm. İstər-istəməz, bu yerdə bütün ağırlığımı öz içimə qaldırıram. Bu asfaltın altı Bayıl türməsi olub. Bu türmədə Mikayıl Müşfiqi ağıldan kəm, qoldan güclü müstəntiqlər döyəndə onun dodağından sıçrayan bir damcı qan hələ də asfaltın altında diridir. Biz o qanın üstündə dayanmışıq.

 

Həmin yerin kənarında bir dayanacaq var, həmişə adamlarla dolu olur. Bəlkə də həmin dayanacaq Müşfiqin xatirəsi önündə hörmət rəmzi kimi qoyulub. Onu düşünənlərin xəbəri olmadan belə.   

 

Avtobuslar, adamlar bir-iki dəqiqə burda dayanırlar. Qabaq Bayıl türməsinin qabağında adamların bu cür dayanmağını görmüşdüm. Əldə bağlamalar, üzdə kədər… İndi isə  adamlar elə bil Müşfiqin dodağından düşən o bir damla qanın xatirəsi önündə baş əyib  keçirlər. Adamların çoxu bundan xəbərsizdi. Xəbərləri olsa da, olmasa da, vaxt, zaman bu “ziyarəti” onların alnına yazıb.

 

Asfaltın altında Mikayıl Müşfiqin yerdə qalan qanı və ondan bir az yüksəklikdə dayanan üç rəngli Dövlət bayrağımız necə də gözəl qafiyələnir.

 

Mən hər dəfə buralardan keçəndə bir səs eşidirəm. Sanki bayraq torpağın altındakı qanı çağırır: “Gəl yanıma...” Qan deyir: “Mən torpağın  altında çıxsam, külək səni  dalğalandırmaz. Mən də yerin, torpağın bayrağıyam...”

 

Bir dəfə bir dəstə qərənfili səpdim asfaltın üstə. Maşınlar bir anlığa dayandılar. Qərənfilin üstündən keçmədilər. Dayanacaqdakı adamlar çaşmışdılar. Bayraq Meydanının   gözətçiləri qərənfilləri yerdən yığıb zibil qutusuna atdılar.

 

Sonra adamlara kiçik izahat verdim: “Dayandığımız bu yerdə Bayıl türməsi vardı, onu sökdülər”... Sonra çox qısa 37-ci ildən danışdım: “Bu torpağın altında Mikayıl Müşfiqin, Əhməd Cavadın, Hüseyn Cavidin, Seyid Hüseynin haqq istəyən ruhları yatır...”

 

Adamlar məni dinləyib çox kədərləndilər.

 

Bu yerin altında nə qədər diri insan səsləri var. Bayıl türməsinin dəhşəti o vaxt bütün sovet məkanını başına götürmüşdü. Bura gələnlər geri qayıtmırdılar. Məşhur “Üçlüyün”  məhkəmə adı altında verdiyi qərara əsasən ziyalılarımız elə bu türmədən gəmi ilə Nargin  adasına aparılıb, güllələnirdi. Nargin adasına baxıram. Bayıl türməsi ilə onun arası elə də uzaq deyil. Görəsən, Müşfiq balaca gəmi ilə Narginə aparılanda nə düşünüb?

 

Deyirlər, Mikayıl Müşfiq həbs olunandan sonra onun həyat yoldaşı Dilbəri də tutublar. Dilbər səhərə qədər bu türmədə “Müşfiq” – deyib, nalə çəkirmiş. Onun səsinə bütün  türmədəkilər ağlayırmış. Dörd divar o üzə M. Müşfiq bu səsi eşidirmiş. Dodaqlarının qanı ilə divara şeirlər yazırmış… Sonra Dilbər dəli olur.

 

Bir gün Mircəfər Bağırov iki dəfə SSRİ Dövlət Mükafatı laureatı, akademik Heydər Hüseynovu yanına çağırıb, bərk danlayır (“Azərbaycanın ictimai fikir tarixindən” kitabında Şeyx Şamildən bəhs etdiyinə görə) və qəti surətdə tapşırır ki, 3 gün vaxt verirəm, özünü öldür, yoxsa səni Bayıl türməsinə göndərəcəm.

 

Heydər Hüseynov evə gəlir. İki gün ərzində bütün vəzifələrini, titullarını əlindən alırlar.

 

Heydər Hüseynov da, hamı kimi, Bayıl türməsinin dəhşətlərindən bərk qorxurdu. Elektrik çarpayıları, kanalizasiyadan götürülmüş sidik dolu çəlləklər və qoşun kimi dustaqlara hücum çəkən bitlər onun ən böyük qorxusu idi. Ona görə də akademik vena damarını kəsib özünü öldürməklə Bayıl türməsindən xilas oldu.

 

İndi hər gün üstündən keçdiyim bu asfaltın altında Mikayıl Müşfiqin dodaqlarının qanı  ayağa qalxmaq istəyir. İndi burda marşrut gözləyən adamlar o qanın xatirəsi önündə özləri də bilmədən dayansalar da, o qanı yerdən götürmək mümkün deyil. Biz o qanın üstündə dayanmışıq. Gərək bu ikizolaqlı yolun tən ortasında bir xatirə lövhəsi asaydılar, həmin lövhəyə bu sözlər yazılaydı: “İnsanlar, burdan yavaş və sükutla keçin, burada Bayıl türməsi olub”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406
avatar

Qəşəm Nəcəfzadə

Oxşar yazılar