Tanınmış şair Qəşəm Nəcəfzadənin Lent.az-a yazdığı “Tərəkəmə hekayətləri” silsiləsi davam edir. Burada şairin uşaqlıq və yeniyetməlik dövründə yaşadığı mühit, tərəkəmə həyatı, adət-ənənələri, müxtəlif xatirələri yer alır...
XV YAZI
Anam satdığımız qoyunların, motalların sayını barmaqları ilə çox dəqiq hesablayırdı. Bu sayda qəpik söhbətləri olduğundan hesablamaq çətin idi. Yəni, satdığımız qoyunların 17-si 126 manatdan, 7-si 149 manatdan, 30-u 133 manatdan, motalların 4-ü 49 manat 50 qəpik, 3-ü 42 manatdan hesablanmalıydı. 10-cu sinifdə oxumağıma baxmayaraq, bir dənəsini də düz gətirə bilmirdim, “çox fikirləşəndə başım ağrıyır” - deyirdim, atam-anam mən yalvarırdı, “qurban olaq, sən hesablama, başın ağrıyar, başına gələn qoyunumuza gəlsin”. Atam heç hesab bilmirdi, anam hamısını barmaqları ilə hesablayıb düz gətirirdi.
Fermada hamının eşşəyi vardı, bizim yox. Eşşək evə yaxın olan heyvandı. Nəyə görə? Arvadlar ona yun, palaz, gəbə, garvıd yükləyib aparıb çayda yuyurdular. Sonra yükləyib gətirirdilər. Yəni eşşək it kimi ferma evlərinə əziz olur. Bulaq uzaqda olanda bidonları baş-başa çatıb su gətirirdik. Eşşəyimizi Sirinqumda canavar yemişdi. Onu deyim ki, canavar eşşəklə çox hərisdi. Üz-üzə gəlsə, yeyə bilməz. Anam həmişə atama deyirdi ki, eşşəyin ipini gecələr iydə ağacına bağlama. Çünki canavar eşşəyi qovacaq, nəticədə eşşəyin ipi ağaca dolanacaq, ağaca sıxılacaq və ondan sonra eşşəyi canavar yeyəcək. Anam çox dedi, atam az eşitdi. Axır ki, canavar eşşəyi həmin qaydada, anam dediyi kimi eləyib, parçaladı...
Atam Ağcabədi tərəfdəki fermalardan iki qoyun verib, bir eşşək aldı. Anam alveri sevən adam idi. Həmişə 10 kisə un, iki kisə düyü, iki kisə qənd, iki kisə şəkər tozu, nə lazım olsa, hamısını çox alırdı. Qonşular deyirdi, toy eləyirsiz, nədi? Dükandan aldıqlarını eşşəyə yükləyib gətirirdik.
Mənim toyumda anam toy üçün qonşulardan heç nə gətirmədi, 150 bulud, 300 ədəd boşqab, 300 ədəd stəkan aldırdı.
Anam həftəyə bir qoyun kəsdirirdi. Bir dəfə 100 kiloluq dananı da yeməyimiz üçün kəsdirdi. Xanım arvad idi. Mənim ürəyim ağrıyanda üzünü cırmaq ona kar eləmirdi, dilini çıxarıb cırırdı. Bu, məşəqqətin son həddi idi.
Anam atamdan düz adam idi. Atam yetim və tək olduğundan həyat onu hər yerdən, hər tərəfdən sıxmışdı. Ailəmizin içində anamın düz olmağına atam şərait vermişdi.
Anamın yaxşı səsi var idi. Yas yerlərində elə ağlayırdı ki, çöldə kişilər hönkürürdü. Bir dəfə atamla fermadan yas yerinə gəlirdik. Anam bizdən qabaq gəlmişdi. Lap uzaqdan ağlamaq səsi gəldi, atam dedi, bala, o sənin ananın səsidir.
Anam şair idi. Ölünü özünə məxsus, əlamətləri ilə ağlayırdı. O qədər gözəl ağlayırdı ki, bəzi adamlar deyirdilər, kaş öləndə bizi Tamara ağlasın.
Anam öləndə heç kəs onu ucadan ağlamadı, içində ağladı, ən çox da anamın səsini ağladılar.
Daha kəndimizdə səslə ağlayan arvad qalmamışdı.
Anam hamımızın qayğısını çəkirdi. Hətta bir dəfə deyirdi ki, mən öləndə kaş xəlvət bir yerdə durub sizə baxaydım, görüm mənsiz necə dolanırsınız?
Atamda biz az yalançılıq vardı, elə məndə də. Ümumiyyətlə, həyat deyilən yerdə bir az yalançı olmamaq mümkün deyil. Bizim yalançılığımız düzlüyə xidmət eləyirdi.
Məsələn, bir dəfə...
Qışdan 54 qoyunu yemə bağlamışdıq. Yaz ağzı, atam bir təzə QAZ-53 maşın tutdu, qoyunları apardıq Göyçaya satmağa. Bir baş yanıbalalı arıq inəyimiz vardı, onu da mindirdik. Əvvəllər qoyunu Bərdəyə aparırdıq. Göyçaydan təzə qız almışdıq deyə, dedik, daha xeyrimizi niyə başqasına verək, özümüzünkünə nə gəlib? Göyçaya aparası olduq. Anam əlini qoyunların belinə qoyub qiymətləndirdi. Atam dedi, bala, anan deyən qiymətə çətin ki, çataq.
Səhər saat 5-də kənddən çıxdıq. Atam Seyid Aydın ağanın cəddinə 10 manat nəzir qoydu ki, sağ gedək, salamat qayıdaq. Alaqaranlıq idi. Elə Kürdəmir yoluna çıxmışdıq ki, lap qabaqda kolluğun içində bir maşın işığını yandırıb söndürdü. Elə bil göldən iri bir timsah gözlərini açıb yumdu. Gördük ki, milislərdi (indiki polis). Atam milisə dedi ki, mən 10 manat nəzir qoymuşdum ki, qabağıma çıxmayasınız. Milisin yaşlı və uca boy olanı dedi ki, mən də 20 manat nəzir qoymuşdum ki, bazar günü səhər Göyçaya qoyun aparanlar mənim qabağıma çıxsınlar.
Dedilər, sənəd verin, qoyunların arayışını... Arayış nə gəzir? Dedik, yoxdur, öz xüsusi qoyunlarımızdı, aparırıq satmağa. Milislər çıxdı maşına, əllərində fənər, başladılar qoyunların quyruğuna və qulağına baxmağa. Yəni birka və nömrə gəzməyə. Yaşlı milis allaha yalvarırdı ki, kaş bir kolxoz qoyuna əlimə keçə. Düz yarım saat baxdılar, birdən yaşlı polisin əli erkək bir toxlunun cırılmış qulağına keçdi. Dedi, aha, tapdım, birkanı çıxarmısınız. Atam and-aman elədi ki, bizim bir Qarbasan adında itimiz var, qoyunun qulağını quzu vaxtı o dişləyib. İnanmadılar, 100 manat verdik, canımızı güclə qurtardıq.
Çatdıq Göyçaya. Göyçay da soyuq. Qoyunları boşaltdıq. Gördük bazara iri, enli bir kişi girdi, paltosunu atıb çiyninə, yanında 10-15 nəfər əsabələri. Çatır hər şeyə “optovoy” qiymət deyir və gedir. Razılaşanlar da olur, razı olmayanlar da. Bizim qoyunlara çatanda dedi, nə qədərdi? Atam dedi ki, 54 baş qoyundu. Dedi, üst-üstə 125-dən pulunu verirəm. Razılaşmadıq, dedik 130-dan götür. O da dedi, yox. Sonra bizim qoyuna yaxınlaşan olmadı. Sən demə, bu kişi bazarın şefi imiş. Hansı qoyuna əl qoyurmuşsa, onu özündən başqa heç kəs almırmış. Kişinin dediyi qiymət anamın dediyi qiymətdən 5 manat aşağı idi. İnək də bir tərəfdə, heç soruşan yox. Get-gedə üşüyürdük. Ümumiyyətlə, qoyun satmaqdan və özü də yanıbalalı arıq inək satmaqdan çox utanırdıq. Deyirdik, birdən göyçaylı qohumlarımızdan biri bizi görmüş olar. Barı heç olmasa, satdıqlarımız, xüsusən yanıbalalı inək kök olsa, yenə dərd yarıdır. Bir arvadla bir kişi gəldi, inəyin qiymətini soruşdu. Atamla başqa istiqamətə baxırıq, guya inək bizim deyil. Atam dedi, sən get inəyin yanına, qiyməti de. Deyəsən bizim göyçaylı qohumlarımızın qonşularına oxşayır, sən uşaqsan, mən yaşlıyam, görsələr, tanıyacaqlar. Mən dedim, sən get. Axır ki atam getdi, dedi inək balası ilə birlikdə 400 manat. Bu, lap aşağı qiymət idi. Sonra atam əlavə elədi, sağanda təpik atır, əmcəyinin biri kordu. Nə bilim, inəyi o qədər pislədi ki, atama yazığım gəldi, o canını inəkdən belə qurtarmaq istəyirdi. Belə deməklə inəyə söyürdü elə bil. Atam çəkdiyi əzablara nifrət eləyirdi. Yalan danışmırdı. Axır ki, atam inəyi 400 manatdan özü 350 manata endirib satdı. Bəlkə də onlar 400 manata alacaqdılar. Halbuki kəndimizdə bu qiymətə erkək qoyun satırlar. Nə isə, inəkdən canımızı qurtardıq, qaldı qoyunlar. Bazardan yavaş-yavaş əl-ayaq çəkilir, bayaqkı kişi də kənarda dayanıb hər şeyin sonunu gözləyirdi.
Atam dedi:
- Bala, qoyunu qaytarsaq, fermada yem yox, milisə yüz manat verdik, maşına da 150 manat verəcəyik. Mən utanıram, sən get o kişiyə de ki, gəl qoyunların hamısını 125 dən götür.
Getdim kişiyə dedim. Kişi başının dəstəsi ilə gəldi və atama dedi:
- Bayaq 125 manat dedim, vermədiniz, indi 120- dən alıram.
Mən dedim:
- Yox, 123 manata götür, yolda qoyunları milis tutub, maşın pulu, yol xərci var hələ.
Kiş əlini yelləyib, “almıram” – deyib, getdi.
Bir az kecəndən sonra atam kişini çağırdı.
- Gəl, 120 manatdan götür.
Kişi gəlib gözünü qıyıb atama baxdı.
- İndi 118 manata alıram.
- Yox – dedim
Atam tez dedi satıram, götür 118 manatdan...
Bir dəqiqə geciksəydi, 118 manat 117 olacaqdı.
Qoyunları satdıq. O kişiyə nifrət elədim. Atamın boynunu qucaqladım, elə bildim atam deyil, qardaşımdı.
Göyçayda Əli Kərimin qəbrini ziyarət edəcəkdim, necə oldusa, yaddan çıxdı.
Atam yolda maşını saxlatdırdı və məni kənara çəkdi.
- Bala, satdıqlarımızı anan barmaqları ilə hesablayacaq. Hər şeyi onun dediyindən uzuz verdik. Anan kədərlənəcək. Fikir eləyəcək.
Mən çiyinlərimi çəkdim.
Atam dedi:
- Gəl belə eləyək. Yalandan anana deyək ki, polisə 100 yox, 250 manat verdik. Sürücüyə 150 yox, 270 manat verdik.
Sonra əlavə elədi.
- İki dəfə guya çörək yedik, biri səhər, biri də gələndə yolda, guya sənin könlün kabab istəyib, 150 manat da onu çəkək.
Mən başımla təsdiqlədim.
- Bax, sözümüz bir olsun ha, amana belə də danış.
Sonra qayıdıb mənə dedi:
- Üstündə nə qədər pulun var?
- 65 manat...
- Ver mənə, 112 manat da mən də var, qoyaq qoyunların pulunun üstünə. Anan fikir eləməsin.
Evə gəldik. Anam barmağı ilə hesabladı. Hələ bu haqq-hesablardan sonra qoyunları su qiymətinə verməyimiz göz qabağında idi...
Atam o qədər məsum, uşaq təbəssümü ilə dayanmışdı. Atamı ilk dəfə oğlum kimi bağrıma basmaq istədim.
Anam bir onu dedi ki, barı doyunca çörək yedinizmi?
- Hə, dedik.
Onsuz da evin pulları həmişə atamda olurdu. Sadəcə, anamı sevindirmək istəyirdi. Anam düz adam idi. Amma nə yazıqlar ki, heç vaxt evin çöldən xəbəri olmur. Çöl evin başını kəsmək istəyir...