Amur və Timur Primorsk şəhərinin safari-parkında yaşayırlar.
Amur pələngdir.
Timur keçi.
Onlar bu ilin noyabr ayının 26-da tanış olublar.
Tanışlıqlarının səbəbkarları safari-parkın əməkdaşlarıdır. Belə ki, onlar hər gün olduğu kimi, həmin şirin, şipşirin noyabr səhərində də Amur üçün qəlyanaltı olaraq canlı bir heyvan gətiriblər. Amur isə bu heyvanın o yanına keçib, bu yanına keçib, heyvanın ona üz-gözünü turşudub qaşqabağını tökməsini görəndə nə düşünübsə, onu yeməkdən imtina edib. Safari-parkın əməkdaşları bu hadisəni maraqla izləyiblər və saatlar gəlib keçdikcə də Amurun keçini yeməməsini görüb, ona başqa heyvanlardan gətiriblər, hansını ki, Amur həmən həzm-rabedən keçirib.
Bizim şirin noyabr tanışımız olan eks-qəlyənaltı isə həmin anlardan bəri Amurun yanında yaşamağa başlayıb. Əməkdaşlar ona Timur adı veriblər.
Beləcə Amur və Timur dostluğuna start verilib.
Googl-da Amur və Timur yazaraq axtarmaq bəs edir ki, bu əfsanəvi dostluq və dostlar haqqında ən son yeniliklərə qədər saatbasaat tanış ola biləsən.
Youtub-da Amur və Timura ayrılmış məxsusi videogündəlik internet istifadəçilərinin hədsiz marağına sahiblik edir.
Facebook səhifələri də var bu dostların.
Primorsk safari-parkında isə onları anbaan izləyən və hamıya da izlədən online kanal fəaliyyət göstərir.
Amur öz həyatı boyunca çox keçi görüb, buna onu hər gün on kiloqrama qədər təzə ət və canlı heyvanla yedizdirən safari-park əməkdaşları şahiddirlər.
Və Amur həyatı boyunca gördüyü keçilərin hamısını bircə həmlə ilə məhv edib yeyib.
Timur isə...
Dostları hər gün, hər an online videokanaldan izləyən alimlər bu nəticəyə gəliblər ki, Amurun Timuru hələ də yeməməsinə yeganə bir səbəb varsa, o da Timurun özünü qurban kimi hiss etməməsidir.
Yəni, məntiqlə, Amur nə qədər dəhşətli bir yırtıcı olsa da, onun yırtıcılıq instinktlərinin qorunub saxlanılması üçün safari-park əməkdaşları nə qədər ona canlı-diri heyvanlar yedirtsələr də, Timurun bircə anlıq belə olsun özünü yem, sadəcə qida üçün olan ət parçası, yırtıcı doyurmaq üçün qabağına atılmış qurban kimi hiss etməməsi imkan vermir ki, Amur onu yesin.
Mütəxəssislər bu maraqlı olayı öz evində yırtıcı heyvanları körpəlikdən saxlayıb bəsləyən heyvan təlimçilərinin aqibətlərini xatırladıblar. Belə ki, illərlə qucaq-qucağa bir evin içində yaşadığı vəhşinin yanında təlimçilərin bircə anlıq qorxu hissi duyması onları həmən andaca qurbana çevirməyə və həyatına son qoymağa gətirib çıxarması misalları tarixdə və günümüzdə saysız-hesabsızdır.
İndi bu dostluqları ərəfəsində Timur olduqca sürətlə kökəlməyə başlayıb və veterinarlar onun piylənməyə məruz qalacağından ehtiyat edirlər.
Və ən maraqla izlənilən və gözlənilən isə Amurun “toy” günüdür.
Belə ki, bizim məşhur pələngimizin hal-hazırda altı-yeddi aylıq yaşda olan bir pələng “nişanlı”sı var və mütəxəssislərin məsləhət görəcəkləri yaş məqamında o “nişanlı” Amurla birgə yaşamağa gətiriləcək.
Mən bu boyda adam burda oturub bu maraqlı hadisəni sizlər üçün yazıram.
Sizlər, o boyda adamlar da oturub bu yazını diqqətlə oxuyursunuz.
Və Primorsk safari-parkını izləyən o boyda adamlar da gecə-gündüz bircə şeyi gözləyirlər: İşdir, Timur özünü bircə anlıq da olsa qurban kimi hiss etməsə və bu hal Amurun “toy”una qədər davam etsə, o məşum gündə Amurun “nişanlı”sı, daha doğrusu, artıq “həyat yoldaşı” Timuru yeyəcəkmi, yeməyəcəkmi?!
P.S. Təbiət bizə bütün vəhşiliklərin qarşısında özümüzü qorumaq üçün master-klass keçir: Özünü qurban hiss etmə, yetər!