AMEA "Prezident Mükafatı”na 8 gənc alimin namizədliyini irəli sürəcək
20 noyabr 2013 23:08 (UTC +04:00)

AMEA "Prezident Mükafatı”na 8 gənc alimin namizədliyini irəli sürəcək

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib, ilk olaraq “Radiasion katalitik proseslərdə səthi səviyyələrin enerji daşınma proseslərinə təsiri və nanokatalizatorların perspektivləri” adlı məruzənin əhəmiyyətindən danışıb. O bildirib ki, Radiasiya Problemləri İnstitutunda enerji tutumlu kimyəvi prosesləri həyata keçirmək üçün ionlaşdırıcı şüaların enerjisinin istifadəsi istiqamətində böyük elmi və praktiki əhəmiyyət kəsb edən yeni nəticələr alınıb.

 

Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov deyib ki, son illərdə atom-hidrogen energetikası istiqamətində böyük əhəmiyyət kəsb edən sudan universal enerji daşıyıcısı olan hidrogenin radiasiya-katalitik üsulla alınması proseslərində nano ölçülü katalizatorlar istifadə etdikdə klassik ölçülü katalizatorlara nisbətən reaksiyanın sürəti və hidrogenin energetik çıxımının 10-15 dəfə artması faktı aşkar edilib. Alınmış nəticələr nanotexnologiyalar və nano-materialların müxtəlif sahələrdə tətbiqinin elmi əsaslarının işlənməsində istifadə oluna bilər. Məruzə bəyənilib, nəticənin digər kimyəvi, fiziki və bioloji proseslərdə sınaqdan çıxarılması  və bu sahədə nanosistemlərin geniş tətbiqi məqsədilə elmi tədqiqat işlərini genişləndirmək qərara alınıb.

 

Müzakirəyə təqdim olunan növbəti məsələ AMEA-nın elmi təşkilat və müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi haqqında olub. Rəyasət Heyəti qərara alıb ki, qiymətləndirmə istiqamətində işlər davam etdirilsin, elmi tədqiqatların nəticələri barədə impaktfaktorlu jurnallarda məqalələrin çap olunmasına və aparıcı beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilsin.

 

Rəyasət Heyətinin qərarı ilə AMEA 8 gənc alimin namizədliyini “Gənclər üçün Prezident Mükafatı”na irəli sürəcək. Namizədlər AMEA-nın Riyaziyyat və Mexanika, Fizika, Geologiya, Botanika və Ədəbiyyat institutlarının, həmçinin Azərbaycan Tibb Universitetinin elmi nəticələri ilə fərqlənən gəncləridir.

 

Digər qərarla Rəyasət Heyəti mərkəzi aparatının Hüquqi təminat şöbəsinin hüquq və vəzifələri genişləndirilib. Bütün akademiya miqyasında Azərbaycan Respublikasının Konstitusiyası, qa­nun­la­rı və digər normativ hüquqi aktların icra olunmasına nə­zarət, elmi işçilərin, alim və mütə­xəs­sis­lə­rin müəlliflik hüquqlarının pozulması faktları ilə bağlı qanu­na­uy­ğun araşdırmalar aparmaq bu şöbəyə həvalə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1062
avatar

Oxşar yazılar