Azərbaycan Milli Elmlər Akademiyasının «Aspirantlar yataqxanasında» yaşayan 118 sakin tərəfindən Lent.az-a müraciət daxil olub. Həmin müraciətdə qeyd olunur ki, 2011-ci ilin fevralında AMEA-nın “Aspirantlar yataqxanası” sakinlərinin mənzillə təmin olunması üçün Akademiya rəhbərliyi ilə yataqxana sakinləri arasında geniş tərkibdə iclas olub və iclasın yekunu olaraq AMEA-nın sabiq prezidenti Mahmud Kərimovun imzası ilə ölkə prezidentinə məktub ünvanlanıb.
Məktuba verilən reaksiyaya əsasən, AMEA prezidentinin imzası ilə «Aspirantlar yataqxanasında» yaşayan 118 mənzil sahibinin siyahısı tərtib və təsdiq olunub. Sonra Akademiya rəhbərliyi tərəfindən mənzilin tikintisi üçün podratçı şirkət olaraq «Evrostroy - S» MMC ilə «Aspirantlar yataqxanasının» ərazisində binanın tikilməsi üçün qarşılıqlı protokol imzalanıb, yataqxanada yaşayan sakinlər isə protokolla razılaşmaq üçün danışıqlara cəlb olunub. 2013-cü ilin mart ayından etibarən isə ərazidə tikinti işlərinə başlanılıb.
AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış müqaviləyə əsasən, bütün hüquqi səlahiyyətlər podratçı şirkət olaraq “Evrostroy-S” MMC-yə verilib. Lakin hələ də “Evrostroy – S” MMC rəhbərliyi sakinlərlə müqavilə bağlanılmasını yubadır.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov bildirib ki, bu ilin yayında məsələ ilə bağlı müvafiq komissiya yaradılıb: “Həmin komissiya hazırda yataqxanada məskunlaşan ailələrin tərkibini araşdırır. Bundan başqa, həmin ailələrin neçəsinin Akademiyaya aidiyyatı olub-olmadığı araşdırılır”.
Şöbə müdiri onu da qeyd edib ki, komissiya işini hələ yekunlaşdırmayıb: “Araşdırmalar başa çatandan sonra AMEA Rəyasət Heyəti tərəfindən qərar veriləcək və nəticələr ictimaiyyətə açıqlanacaq”.