T. Hacıyev APA-ya açıqlamasında bildirib ki, əmək intizamını pozduğuna görə 2008-ci ildən heç bir elmi məqaləsi çap olunmayan iki böyük elmi işçini işdən çıxarıb.
Akademikin sözlərinə görə, həmin böyük elmi işçilərin əmək intizamını pozması haqqında şöbə müdirləri ona təqdimat yazıblar: “Mən komissiya təşkil etdim. Komissiya onların elmi fəaliyyətini, işə davamiyyətini yoxladı. Nəticəsini Elmi Şurada müzakirə etmişik. Elmi Şuradakı çıxışları və Komissiyanın verdiyi məlumata əsasən onları işdən azad etmişəm. İstənilən adam gəlib bunu yoxlaya bilər. Görünür, onlar da buna görə mənim haqqımda ora-bura şikayət ərizəsi yazıblar. Nəticə də bu oldu ki, istefa vermək qərarına gəldim".
T. Hacıyev qeyd edib ki, bu yaxınlarda 4 dildə çap olunan “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nda etnik fizioloji təkamüllə bağlı insan adı çəkdiyinə görə də ittiham olunur: “Öz dostlarım olan insanların birinin Oğuz, birinin Qıpçaq fizioloji quruluşunda olduğunu demişəm. Bunu səsə-küyə salırlar ki, niyə dostlarımın adını çəkmişəm. Bunların heç birini sensasiya hesab etmirəm. Bu mənim elmi-tədqiqatımdır. “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nı alqışlamaq əvəzinə, bu cür kampaniya aparırlar. Bunlar hamısı boş və ara söhbətləridir”.
Qeyd edək ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev tutduğu vəzifədən istefa verib. T. Hacıyevin yerinə Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu təyin edilib.