Təhsil Nazirliyi TQDK sədrinin tənqidlərinə cavab verdi
12 fevral 2015 17:02 (UTC +04:00)

Təhsil Nazirliyi TQDK sədrinin tənqidlərinə cavab verdi

Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin ötən ilin buraxılış və qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş tədbirdə söylədiyi tənqidlərə cavab verib. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, son 3 ildə ölkədəki ümumtəhsil məktəblərdəki ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında müvəffəqiyyət qazanmış şagirdlərin sayında artım olub. Məlumatda bildirilir ki, 2012-ci ildə 9-cu sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 50,27% idi isə, 2013-cü ildə bu rəqəm 58,41%-ə, 2014-cü ildə 62,04%-ə yüksəlib.

 

Həmçinin, 2012-ci ildə 11-ci sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 68,9% idi isə, 2013-cü ildə onların sayı 72,14%-ə, 2014-cü ildə isə 74,11%-ə qədər artıb.

 

Beləliklə, TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir.

 

Bundan başqa, nazirlik qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0 – 200 bal bərabərdir “2”-ə, 200 – 300 bal - “3”-ə, 300 – 500 bal - “4”-ə, 500 – 700 bal - “5”-ə) uyğunlaşdırılması əmsalının yanlış olduğunu da qeyd edib: "Belə bir yanaşmanın elmi əsasları yoxdur. Bu cür müqayisənin hansı meyarlar əsasında aparılması da aydın deyil”. 

 

Məlumatda o da qeyd edilib ki, yuxarı siniflərdə davamlı surətdə aparılan sınaq imtahanlarının nəticələrinə görə, qəbul imtahanlarının nəticələrinin əvvəlcədən proqnozlaşdırılması mümkündür və belə proqnozların verilməsində bir mənbə kimi çıxış edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302
avatar

Oxşar yazılar