“Musiqi ilə birləşərək” layihəsində 12 tələbə Finlandiyada Savonlinna Yay Məktəbində iştirak edib
Bu ilin aprelində finlandiyalı musiqi professorları heyəti Bakıda səfərdə olub. Onlar Azercell Telekom-un reallaşdırdığı unikal “Musiqi ilə birləşərək” layihəsi çərçivəsində azərbaycanlı tələbələrə master-klass keçiblər və konsert proqramı ilə çıxış ediblər.
“Musiqi ilə birləşərək” layihəsinin sonunda professorların seçimi ilə 12 ən yaxşı tələbə müəyyənləşdirilib. Onlar yayda Finlandiyanın Savonlinnada keçirilən yay məktəbində iştirak etmək hüququnu qazanıblar. Azərbaycanlı tələbələr iki qrup şəklində Savonlinnada səfərdə olub. Vokal fakültəsinin tələbələri 23 iyun–5 iyul tarixlərində Savonlinna yay məktəbində iştirak ediblər. Simli alət ifaçıları isə 15-24 iyul tarixlərində Finlandiyadakı tədris proqramına qatılıblar.
Savonlinna yay məktəbində dünyanın hər yerindən gələn gənc musiqiçilər finlandiyalı peşəkarlar tərəfindən dərs alır, təcrübə mübadiləsi aparır. Yay məktəbinin yekununda iştirakçıların konserti keçirilir. Azərbaycanlı tələbələr də ənənəvi konsert proqramında çıxış ediblər. Onlar qonaqlar qarşısında Azərbaycan musiqiçilərinin ən məşhur əsərlərini səsləndiriblər.
“Musiqi ilə birləşərək” proqramı ikinci dəfədir ki, Azercell-in dəstəyi ilə baş tutur. Bu layihə həm azərbaycanlı gənc musiqiçilərin yetişməsinə kömək edir, həm də Azərbaycan mədəniyyətinin bütün dünyada tanıdılmasına xidmət göstərir. Şirkətin dəstəyi ilə indiyə kimi Azərbaycan mədəniyyətinin, xüsusilə də klassik musiqi janrında sənətçilərimizin dünyaya tanıdılması istiqamətində bir çox layihələr həyata keçirib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz