<b>Peterburqdan Bakıya səyahət, sərhəddən buraxılmayan dəvələr, Qazaxda dolma qonaqlığı - <span style="color:red;">SÖHBƏT </b>
20 may 2014 12:13 (UTC +04:00)

Peterburqdan Bakıya səyahət, sərhəddən buraxılmayan dəvələr, Qazaxda dolma qonaqlığı - SÖHBƏT

“Azərbaycan xalqı çox mehriban, qonaqpərvərdir. İlk dəfə Azərbaycanda keçən il olmuşam. Qayıdanda tanıdığım səyyahlar məni sorğu-suala tutdular; oralar necədi? İnsanları necədi? Əslində onlar da gəlmək istəyirlər, amma qorxurlar. Qərar verə bilmirlər. Mən də deyirdim ki, çox gözəl ölkədir. Azərbaycanı gəzməyə dəyər”.

 

Bunu Dmitri Alyonin deyir. Dmitri səyyahdır. 33 yaşı var. Yaşı qədər şəhər gəzib. Səyahət etdiyi ölkələrin sayını soruşduqda barmaqlarını ovcuna yığaraq saymağa başlayır. Sonda sayını itirib yenidən başlayır. Səyahət etdiyi ölkələrin sayını heç özü də bilmir.

 

Dima əslən Sankt - Peterburqdandı. İxtisasca tarixçidir. Sankt-Peterburq Dövlət Universitetini bitirib. Səyahət etməyi çox sevir. Ömrünün 10 ilini səyahətlərə xərcləyən səyyah demək olar ki, Rusiyanın yarıdan çoxunu, Şimali Qafqazı, Orta Asiyanı, Qərbi Avropanı gəzib. Elə ölkələr var ki, orada azı on dəfə olub. Avto-stopla bütün dünyanı gəzməyi düşünür və bunun daha ucuz başa gəldiyini deyir. Velosipedlə gəzməyi isə sevmir. Deyir ki, elə yerlər olur insan velosipedi daşımaq məcburiyyətində qalır: “Olur sən velosipedi minirsən, bəzən də o səni. Dağlara velosipedlə çıxmaq olmur. Nə ata bilirsən, nə cibində gizlədə. Piyada gəzməyin müsbət cəhətlərindən biri də odur ki, çoxlu insanlar görürsən, danışırsan, təzə nəsə öyrənirsən”.

 

 

***

 

Sonuncu səyahətinə bu ilin yanvar 31-dən başlayıb. Havaların isinməsi ilə əlaqəli təkrar evinə, Sankt - Peterburqa dönməli olub. Qış paltarlarını yayla əvəz edib, təkrar yola düşüb. Çeçenistandan, Dağıstandan keçərək mayın 11-də Azərbaycana çatıb. Qusar, Quba, ordan Xaçmaza, Xaçmazdan da Bakıya. İkinci dəfə Azərbaycana səyahət edən Dimanın dediyinə görə, Azərbaycanda avto-stopla səyahət etmək daha asandır. Rusiya, Belarus və Ukraynada saatlarla yol kənarında maşın gözləyən səyyahın Azərbaycanda maşın problemi olmayıb. Maşınlara əl edən kimi hər iki maşından birinin saxladığını deyir. Hələ eləsi var, onu evinə də aparıb, süfrəsinə qonaq da edib. Elə lap qubalı Həmid kimi.

 

Həmid kişi sürücü işləyir. Elə Dima ilə də yolda tanış olublar. Azərbaycan haqqında təəssüratlarına gələndə...ilk növbədə pirlər haqqında danışmağa başladı: “Qubada olarkən həyatımda ilk dəfə pir gördüm. Orada insanların arzusu həyata keçir. Bura gələnə qədər bu haqda heç nə bilmirdim. Qubada olarkən Həmid pirlər haqqında danışdı mənə. Sonra gedib bir yerdə baxdıq. Çox mehriban və dostcanlı insanlarınız var”.

 

 

- Hər yerdə özümü evimdəki kimi hiss edirəm. Yalnız bir yerdə özümü evimdə hiss etmirəm, o da öz evimdə. (Gülür) Gənc vaxtlarımdan daha çox gəzmək, daha çox yerlər görmək istəyirdim. Regionu elə də yaxşı tanımıram. Necə deyiblər, çox gəzən çox bilir. Mən də bu regionu gəzib, öz gözlərimlə görüb, elə tanımaq istəyirəm. Cənuba, Lənkəran istiqamətinə getmək istəyirəm. Nizami, regionu daha yaxşı tanıyan adam kimi şimala – Qəbələ, Şəki, Zaqatalaya getməyi məsləhət görür. Düşünürəm ki, gedəcəm. Vaxt olsa, Gəncəyə qayıdacam. Vaxt olmasa, ordan bir başa Gürcüstana keçəcəm. Tiflisdən də Vladiqafqaza. Mayın 31-də Sankt-Peterburqda olmağı planlaşdırıram. İki-üç gün evdə qalacam. Çəkdiyim şəkilləri kompüterə yükləyib, sınmış əşyalarımı təmir edəndən sonra Moskvaya gedəcəm. İyunun dördü və beşində dünya səyyahları orda toplaşacaq. O görüşə qatılacam. Orada Afrikadan, Madaqaskardan, Çindən, Hindistandan gəlmiş səyyahları görmək olar. Hər kəs gəzdiyi, gördüyü mistik yerlər barəsində bir-birinə danışır.

 

Bayaq adı çəkilən Nizami Bakıda yaşayır. Memardır. Dima səyahətə çıxmazdan əvvəl internet üzərindən gedəcəyi yeri araşdırır və yeni dostlar tapır. Xaçmazdan çıxanda Nizamiyə zəng edərək, Bakıya gəldiyini deyib. Gecəni elə Nizamigildə keçirib.

 

Dünyanı görmək istəyən rus səyyah Qarabağı görmək istəmir. Deyir orda etnik münaqişə var.

 

- Bildiyim qədər ora qapalı ərazidir. Qarabağda etnik münaqişə olub. Mən orda gedən prosesləri də dəqiq bilmirəm. Yox, Qarabağa getmək istəmirəm. Düzünü desəm, heç bilmirəm də ora necə getmək olar. Bu də ora getməyim vaxt etibarı ilə mümkün deyil. Bölgədə baş verənlər siyasətdir. Mən siyasətlə maraqlanmıram. Qubada olarkən Quba Soyqırımı Memorial Kompleksində oldum. Ora məni Həmid apardı. Çox təsirləndim. Azərbaycan xalqı sülhsevərdi. Ümumiyyətlə, Rusiya hara burnunu soxursa, orda münaqişə yaranır. Rusiya Ermənistanın tərəfini tutur. Bunlar hamısı geosiyasətdir. İndi də Ukrayna ilə münasibətlərimizi pozub. Gərək xalq buna getməsin. Siyasətə qarışıb, bir-biri ilə düşmən olmasınlar. Ukrayna mənim ən sevimli məkanım idi. Orada mənim çox yaxşı dostlarım var. İndi ora gedə bilmirəm.

 

 

- Ermənistanda olmusuz?

 

- Keçən il bir neçə günlük Sevan gölünün ətrafında olmuşam. Göldə çimdim. Demək olar ki, insanlarla münasibət saxlamadım. Paytaxtlarında diqqətimi çəkən yalnız bir şey oldu: o da, metroda hələ də jetondan istifadə etmələri. Təkrar getməyi də düşünmürəm. Qarşıdan yay gəlir, soyuq yerlərə getməyi planlaşdırıram. Murmanska, ya da Baykala.

 

 

- Gecə-gündüz demədən yol gedirsiz. Olub ki, yolda sizi qarət edələr?

 

- Yox, olmayıb. Ümumiyyətlə, üstümdə bahalı heç nə götürmürəm. Bir dəfə Abxaziyada qarət etmək istədilər, amma alınmadı. Əslində, ona heç oğurluq da demək olmaz. İçkiliydi. Pencəyim xoşuna gəlmişdi deyə, zorla almaq istəyirdi. Mən də vermədim (Gülür).

 

- Səyyah səfərə çıxmazdan özüylə mütləq nə götürməlidir?

 

- Birincisi, səyyahın fiziki və mənəvi hazırlığı olmalıdır. İstiyə, soyuğa tab gətirməlidir. Ola bilər maşında xristian, müsəlman, bütpərəst, ateistlə yol getməli olarsan. Tolerant olmaq lazımdır. Sonra mütləq fotoaparat olmalıdır ki, getdiyi yerləri çəkin. Müəyyən qeydləri etmək üçün bloknot-qələm. Lüğət, böyük çanta, içində yataq dəsti. Binokl. Düzdü, ağırdı, amma maraqlı olur onunla. Görə bilmədiklərini görürsən. Bir də xəritə.

 

 

 

- Tək səyahət etmək darıxdırıcı deyil?  

 

- Darıxdırıcıdır. Yanında adam olsa yaxşıdır. Avto-stopla çox adamla səyahət etmək onsuz da mümkün deyil. Təsəvvür edin, kim birdən üç-dörd nəfəri maşınına götürər? Ona görə də, bu cür səyahət edənlər ən çoxu iki nəfər olur. Qızlar üçün tək səyahət etmək həm darıxdırıcıdır, həm də təhlükəli. Dünyanın hər yerində belədi. Qadın olduqları üçün maşınına götürən kişilərin qəlbindən başqa niyyətlər də keçə bilər. Tanımadığın yerə tək səyahət maraqsızdır. Ən azından yanında səninlə eyni dildə danışan bir adamın olması yaxşıdı. Söhbət etmək üçün. İki nəfərlə səyahət maraqlı olur. Xanımla səyahət etməyi sevirəm. Daim gözəl və təravətli görünməyi sevən xanımların çantasında daim şampun və sabun olur. Və onlar asanlıqla hamam tapırlar. Yuyunmaq istəməyəni belə çimməyə vadar edirlər. Elə olur bir həftə yuyunmağa yer olmur. Böyük şəhərlər, yaxud yanacaq doldurma məntəqələrində hamam olur. Yaxud, qonaq qaldığım evdə. Məsələn, ötən gecə Nizamigildə yuyundum.

 

***

 

Dima azərbaycanca bir neçə kəlimə də öyrənib. Onun sözlərinə görə, hər bir səyyahın öyrənəcəyi ilk söz “pulsuz”dur. Ən xoşlamadığı şey isə uşaqların ona “hello” deməsidir. Axı, o amerikalı deyil, rusdur.

 

 

Hədiyyəni daşımağın çətin olduğunu deyib, cibindən bir qalaq pul çıxarıb masaya düzür. Aralarında Azərbaycan manatı olmaqla dünyanın iyirmiyə yaxın ölkəsinin pulu var. Daha çox Malayziyanın pulu maraqlı gəldi. Açıq mavi rəngli, konfet kağızına bənzəyirdi. Pulların arasından maraqlı kloun çıxır. Fosfordandı. Məsələn, Belarusda gecələr bunu taxmaq məcburidir. Qanunlar bunu tələb edir. Təhlükəsizlik üçün. Kim bunu taxmasa, cərimələyirlər.

 

 

Dima Vladiqafqazda şahid olduğu bir məzəli hadisəni bizimlə paylaşır.

 

- İsveçrə vətəndaşı  22 ildir ailəsi ilə birgə dəvəylə səyahət edir. Onun üç dəvəsi, iti, pişiyi və digər heyvanları var. Uzaqdan baxanda elə bilirsən zooparkdı. Heyvanları ilə həm pul qazanır, həm xeyriyyəçilik edir. Pulu bitəndə pul qarşılığında insanların heyvanları ilə şəkil çəkdirməsinə icazə verir. Səyahət etdiyi yerlərdə isə kimsəsizlər evinə gedib, uşaqların onun heyvanları ilə əylənməsini təşkil edir. Onunla Vladiqafqazda rastlaşdıq. Gürcüstandan keçib Avropaya getməliydi. Sərhəddən dəvələri buraxmırdılar. Gərək maşında keçirəydi. Böyük yük yeri olan maşın və xarici pasportu olan sürücü tapmalıydıq. Böyük maşını olan sürücü tapılmırdı, ya da maşın tapılırdı, sürücünün xarici pasportu olmurdu. Tamam hövsələdən çıxmışdı. Bir-birimizi başa da düşmürdük. O, rusca bilmir, mən isə ingiliscə. Bütün şəhəri gəzib onun dəvələri üçün maşın axtardıq. Sonda mənim vizamın vaxtı bitdi və Rusiyaya qayıtdım. Bilmədim dəvələri üçün maşın tapdı, ya yox (Gülür).

 

Söhbətin sonu gəlib çıxır yeməklərə. Azərbaycan mətbəxindən ən çox dolmanı bəyəndiyini deyir. Hələ ötən il Qazaxda Fikrət bəyin qonağı olanda yeyib. Qubada isə paxlavanı bəyənib.

 

***

 

Bizimlə söhbətdən sonra Xaçmaza qayıdacaqdı. Qayıtdı da. Hazırda isə yenə Bakıdadır. Şəhərdə çiynindən böyük çanta, başında həsir papaqlı xarici görsəniz, bilin ki, Dimadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1417
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar