“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin sifarişi ilə Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur.
Bunu "APA-Economics"in sorğusuna cavab olaraq "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, məqsəd günün pik saatlarında "Koroğlu" metro stansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır: "Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” stansiyasının qarşısından düşərək, hava limanı istiqamətində hərəkət edirlər. Bu da həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olur. Məhz o sıxlığın aradan qaldırılması üçün nəqliyyat vasitələrinin “Koroğlu” stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə hərəkət edə bilməsi üçün yeni avtomobil tuneli inşa olunur. Tunel hazır olanda avtomobillər Ziya Bünyadov prospektindən sağa - Olimpiya kəndi istiqamətinə - dairədən dövrə vuraraq, Ziya Bünyadov prospektinin altından keçməklə, Bakı Olimpiya Stadionu arxasından hava limanı istiqamətinə hərəkət edə biləcəklər".
Qurum rəsmisi bildirib ki, tunelin ümumi uzunluğu 655 metrdir.
Tunelin tikintisinin başa çatmasına gəlincə, A.Nəcəfli vurğulayıb ki, tikinti işlərinə yeni başlanılıb: "İşlərin gələn il ərzində yekunlaşması planlaşdırılır. İşlər açıq hava şəraitində aparıldığı üçün hava şəraiti ilə əlaqədar fasilələr də yarana bilər. Lakin bütün bunlara baxmayaraq, gələn il ərzində işlərin yekunlaşdırılması nəzərdə tutulub".