"Əməkdaşlarımız hazırda gücləndirilmiş iş rejimi ilə çalışır və havanın şaxtalı olmasına baxmayaraq abonentlərə suyun verilməsində hər hansı ciddi problem qeydə alınmayıb". Lent.az xəbər verir ki, bunu report-a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, "Azərsu"nun əməkdaşları növbətçilik sistemində çalışır: "Bayram günlərində baş idarə də daxil olmaqla bütün yerli strukturlarımızda növbətçilik sistemi tətbiq edilib. Səhər saat 9:00-dan 21:00-a qədər bir növbə, 21:00-dan səhər 9:00-a qədər isə digər qrup əməkdaşlarımız növbə çəkir. Bayram günlərində metreoloqları və Müştəri Xidmətinin əməkdaşlarını növbəliliklə işə cəlb etmişik ki, sayğaclarda və ödəmələrdə, eləcə də smart sayğacların kartlarının verilməsində yarana biləcək hansısa problem tez aradan qaldırılsın".
"Azərsu" rəsmisinin sözlərinə görə, ötən bir sutkada "955" Zəng Mərkəzinə 729 müraciət daxil olub: "Bunların 5-i Şirvan, 1-i Gəncə və 20-i Sumqayıt olmaqla ümumilikdə 26-ı regionlardan edilən müraciətlərdir. Digərləri isə Bakı və Abşerondan daxil olub. Bu müraciətlərdən 97-si su-kanalizasiya xəttlərində tutulmalarla, 20-i smart kartların yüklənməməsi, 48-i smart sayğacların işləməməsi, 20-si "Azərsu" ASC-nin tabeli qurumlarının nömrələrinin əldə edilməsi, 2-si borcla, və s. bağlı olub. Zəng Mərkəzinin dispetçerləri bu gün saat 00:00-dan 12:20-yə qədər 288 müraciət qəbul edib".
Hazırda abonentlərin içməli su ilə təminatında heç bir problem olmadığını deyən A.Cəbrayıllı Zabrat qəsəbəsindəki xəttə yaranan nasazlığın da tezliklə aradan qaldırılacağını qeyd edib: ""Zabrat-1" deyilən ərazidə 250 mm-lik xəttimizdə təmir işləri gedir, yaxın bir neçə saatda işləri başa çatdırıb təhvil verməyi planlaşdırırıq".