"Azəriqaz": "Nardaranda 300-dən artıq mənzil sabahdan qazla təmin olunacaq"
11 dekabr 2015 16:58 (UTC +04:00)

"Azəriqaz": "Nardaranda 300-dən artıq mənzil sabahdan qazla təmin olunacaq"

“Bu günə qədər SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən Bakının Nardaran qəsəbəsində 300-dən artıq mənzilə texniki baxış keçirilib, sayğaclar quraşdırılıb. Bu işlər “Azəriqaz” tərəfindən mərhələli şəkildə davam etdirilir. Sabahdan etibarən mənzilinə baxış keçirilmiş, qaz sayğacları quraşdırılmış abunəçilərin qaz təchizatı bərpa ediləcək”.

 

Bu barədə “APA-Economics” SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələrlə şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

 

“Bu yaxınlarda “Azəriqaz” tərəfindən Nardaran qəsəbəsinin qaz təchizatı dayandırılıb. Buna səbəb təbii qazdan kütləvi şəkildə qeyri-qanuni istehlak olunmasıdır. Qeyd edim ki, “Nardaran bağları” adlanan ərazi fasiləsiz olaraq təbii qazla təmin olunub. Amma qəsəbənin özündə hələ yay aylarından təbii qazdan qeyri-qanuni istifadə hallarına görə təchizat dayandırılıb. Hazırda İstehsalat Birliyinin əməkdaşları Nardaran kəndində məhəllə-məhəllə, mərhələli şəkildə təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısını almaq məqsədi ilə müvafiq işlər görürlər. Qurum əməkdaşları mənzillərə texniki baxış keçirirlər, sayğaclar quraşdırırlar. Bu sayğaclar quraşdırıldıqdan sonra abonentlərlə “Azəriqaz” arasında fərdi şəkildə yeni müqavilələr imzalanacaq. Bundan sonra təbii qazın verilişi tərəfimizdən təmin olunacaq”, - deyə İ. Kərbəlayev qeyd edib.

 

Xatırladaq ki, Nardaran əhalisinin təbii qaza görə dövlətə olan borcu isə 1,376 mln. manat təşkil edir. Bunun 387,33 min manatı 2013-cü il, 558,624 min manatı 2014-cü il, 450,363 min manat isə bu ilin 10 ayı üçün olub.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb.

 

Həmçinin Azərbaycan hökuməti “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İstehsalat Birliyi və "Azəravtoyolservis” SC rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar