Bakıda daha bir küçə əsaslı təmir olunur
Bakıda daha bir küçənin əsaslı təmirinə başlanılıb.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, söhbət Binəqədi rayonunda yerləşən Abay Kunanbayev küçəsindən gedir. Küçənin uzunluğu 1.8 km, eni isə ortalama 9 metr təşkil edir.
Təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, mövcud kommunikasiya xətləri bərpa olunur və ya yeniləri çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Aidiyyəti qurumlarla birgə aparılan işlər gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.
Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Daha sonra yolun hərəkət hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.
Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üçünsə yeni baxış qapaqları qoyulacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.
256