“Neft Mühəndisləri Cəmiyyəti”nin (SPE) təşkilatçılığı ilə Norveçin “Statoil” şirkətinin vitse-prezidentləri Rannfrid Skyervold və Kyetil Hove Bakı Ali Neft Məktəbində (BANM) olular. Bu barədə Lent.az-a BANM-dan məlumat verilib. Onlar tələbələrə “Statoil” şirkətində tətbiq edilən texnologiyalar” mövzusunda mühazirə oxuyublar.
Qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında ətraflı məlumat verib.
Məruzəçilər 30 illik neft tarixi olan “Statoil” şirkətində neft yataqlarının işlənməsi, Norveç və Şimal dənizlərindəki karbohidrogen ehtiyatlarının mənimsənilməsində istifadə olunan texnologiyalar və s. məsələlər haqqında tələbələrə ətraflı məlumatlar verib, prosesləri və texnologiyaları izah edən slaydları nümayiş etdirib, eyni zamanda tələbələrin çoxsaylı suallarını cavablandırıblar.
Təqdimat tələbələr tərəfindən maraqla qarşılanıb. Gələcəkdə də Bakı Ali Neft Məktəbində bu cür silsilə təqdimatların keçirilməsi məqsədi ilə dünyanın digər aparıcı neft-qaz hasil edən şirkətlərin mütəxəssislərinin cəlb edilməsi nəzərdə tutulub.