“Neftçilər” stansiyasının keçidləri təmir olunur
Bakı metropoliteni stansiyalarının tökülmək təhlükəsi yaranmış platforma, yol və keçidlərində təmir işlərinin aparılmasına davam etdirilir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, ötən il təmir edilmiş “İnşaatçılar”, “Nərimanov” və “Gənclik” stansiyalarının keçidləri əsaslı təmir edilərək, tam yeniləşmiş görkəmi ilə sərnişinlərin istifadəsinə verilib. Hətta “Nərimanov” və “Gənclik” stansiyalarının keçidləri metropolitenin bir sıra sosial layihələrinin keçirildiyi məkana da çevrilərək sərnişinlərin rəğbətini qazanıb.
Bu tədbirlərin davamı olaraq “Neftçilər” stansiyasının keçidlərində də təmir işlərinə başlanılıb. Hazırda stansiyanın 2-ci vestibülünün keçidlərinin divarlarında istismar müddətini başa vurmuş örtük sökülür. Yeni layihəyə əsasən, keçidlərin divarlarında stansiyanın adına uyğun mozaik lövhələrin yaradılması nəzərdə tutulub.
Bu işlər yekunlaşdırıldıqdan sonra birinci vestibülün keçidlərinin təmirinə başlanılacaq. Təmir zamanı sərnişinlərin keçidlərdən istifadə etməsinə hər bir şərait yaradılıb.
“Bakı Metropoliteni” QSC sədrinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, “Nizami” stansiyasının qatar yolu divarlarında mərmər örtüyün dəyişdirilməsinə də başlanılıb. 2-ci yolun köhnə mərmər örtüyü artıq sökülüb. Növbəti mərhələdə tor şəbəkə qurulacaq və yeni mərmər təbəqənin yığılmasına başlanılacaq.