“Bacıma dedim ki, məni ali məktəbləri gəzdir” - SÖHBƏT
27 aprel 2013 12:00 (UTC +04:00)

“Bacıma dedim ki, məni ali məktəbləri gəzdir” - SÖHBƏT

Onlar sənətçi, siyasətçi, yazıçı, deputat kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötür tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər. 

Lent.az “Onun ilk peşəsi” rubrikasında növbəti qonağını təqdim edir. Növbəti qonağımız “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri, biologiya elmləri namizədi Tanrıverdi Mustafayevdir.

 

-İstərdik ilk öncə özünüz haqda məlumat verərdiniz?

 

 - Qərbi Azərbaycanın Gölkənd kəndində kolxozçu ailəsində anadan olmuşam. 1969-ci ildə kəndimizdəki orta məktəbin birinci sinfinə getmişəm. 1979-ci ildə orta məktəbi başa vuraraq, Azərbaycan Politexnik İnstitutunun Avtomatika və Hesablama Texnikası Fakültəsinin Sənaye elektronikası ixtisasına qəbul olmuşam. 1984-cü ildə ali təhsilimi uğurla başa vurub, təyinatla Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Təhqiqat Əkinçilik İnstitutuna kiçik elmi işçi vəzifəsində çalışmağa başladım. 1985-cil ilin aprelindən 1987-ci ilin aprelinə qədər göndərişlə Moldova EA-nın Ekoloji Genetika İnstitutunun İxtisasartırma və İxtisasdəyişmə Fakültəsinin magistraturasına daxil oldum. 1987-ci ilin oktyabrında Ekoloji Genetika İnstitutunun aspiranturasına daxil olmuşam. Aspiranturanı bitirərək, 1991-ci ildə, hələ Sovet dövründə biologiya elmləri namizədi elmi dərəcəsi almışam. Həmin ildə Moldova Azərbaycanları adət-ənənələri mərkəzi - “Araz” cəmiyyəti yaratmışam. O zaman SSRİ dağılmışdı. Moldova ilə Azərbaycan arasında elmi, mədəni əlaqələri saxlamaq üçün bu cəmiyyəti yaratmışdıq.  SSRİ dağılmaq ərəfəsində ikən  Moldovanın 36 faizi qeyri-moldovanlar idi. O cümlədən Moldovada 2642 nəfər azərbaycanlı yaşayırdı. Moldovanın Nazirlər Soveti yanında Milli Münasibətlər üzrə Dövlət Departamentinə (MMDD) işə dəvət olundum. Orada Moldovada yaşayan azlıqlarla iş şöbəsinin müdiri təyin olundum. 2001-ci ilin noyabrına qədər  həmin vəzifədə çalışdım. 2001-ci ilin noyabrında Moldova nümayəndə heyəti tərkibində Dünya Azərbaycanlılarının I Qurultayında iştirak etmişəm. Onu da qeyd edim ki, 1997-ci ildə Moldova prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə ölkəmizə gəldim və Heydər Əliyevlə görüşdüm.

Moldovada yaşamağıma baxmayaraq hər zaman ürəyim Azərbaycan həsrəti ilə döyünürdü. Hər zaman çalışmışam ki, millətimə, torpağıma, adət-ənənələrimizə daha yaxın olum. Qismət elə gətirdi ki, 2002-cilin fevral ayının 7-də “Barmek” Azərbaycan Elektrik Şəbəkəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə təyin olundum. Yəni Moldovadakı işimi Azərbaycandakı işlə dəyişdirdim. Burada işə başladıqdan sonra ailəm də Moldovadan gəldi. İki oğlum var-biri Qərbi Azərbaycanda, biri isə Moldovada anadan olub. Övladlarım 4 xarici dil bilirlər.

 

- Azərbaycana gəlib işləmək təklifi kimdən gəldi?

 

- Azərbaycanda gəlib yaşamağa həvəsim vardı. Çünki Azərbaycanıma, torpağıma, xalqıma bağlıyam. Həm də təbiətcə romantik insan, ədəbiyyatımıza bağlı bir insan olduğuma görə burda gəlib çalışmaq istəyirdim. 1998-ci ildə Modova-Türkiyə hökumətlərarası iqtisadi, mədəni, elmi əlaqələr komissiyasının üzvü idim. “Barmek” də bir türk şirkəti idi və dəvət də oradan aldım və bu dəvəti böyük məmnuniyyətlə qəbul etdim.

 

- Nə vaxtsa jurnalist olmaq ürəyinizdən keçibmi?

 

- Uşaqlıda jurnalist olmaq istəyirdim. Jurnalistika ilə məşğul olmasam da, ictimaiyyətlə əlaqələr sahəsində çalışmışam. Belə ki Moldovada MMDD-də 18 cəmiyyətin kuratoru idim. Bir növ dövlətlə, hökumətlə cəmiyyət arasında körpü rolu oynayırdıq. Təbii ki deməzdim ki, mətbuatdan uzaq idim. Yəni jurnalist olmasam da, bu gün işimlə əlaqədar jurnalistlərlə əlaqələr qururam.

  Həyatda ən gözəl şey səhər tezdən durub həvəslə işə getməkdir və həvəslə işdən evə getməkdir. Bu həvəs hər zaman məndə var. Allahın köməkliyi ilə də işimin öhdəsindən gəlirəm. İşlə yanaşı, xeyir-şər məclislərində iştirak edirəm, dağların qoynuna gedirəm. Şeir oxuyuram, muğam dinləyirəm.

 

- Özünüz şeir yazırsınızmı?

 

- Mən özüm şeir yazmasam da, dahi Nizaminin, Səməd Vurğunun, Aşıq Ələsgərin və digər ustadlarımızın şeirlərini böyük həvəslə mütaliə edirəm. Ancaq onu da deyim ki, rəhmətlik atam şeir yazıb, bundan başqa böyük qardaşım da şeir yazır.

 

- Siz elmi yaradıcılığınızı davam etdirmək istəyirsinizmi?

 

- Aspiranturadan sonra elmi yaradıcılığımı davam etdirmək istəyirdim. SSRİ dağıldıqdan sonra elmi-təhqiqat institutlarının maliyyələşdirilməsində müəyyən problemlər yaşandı. Həm maddi problemlər, həm də anamın, qardaşımın öz ata-baba yurdumuzdan qaçqın düşməsi elmi yaradıcılıqdan uzaqlaşmağıma səbəb oldu. Bu gün artıq ölkəmizdə elm çox inkişaf edib, elm sahəsində işləməklə bağlı təkliflər də almışam. Təbii ki elmə marağım hər zaman olub, olacaq da.

 

 

- Siz biologiya elmləri namizədisiniz və Əkinçilik İnstitutunda çalışmısınız. Maraqlıdır, tanışlarınız əkinçiliklə bağlı sizdən məsləhətlər alırlarmı?

 

- Yox, əkinçiliklə bağlı məsləhət almırlar. Əslində məsləhətlərin çoxu işıqla bağlıdır. Yəni kimsə öz bağına işıq çəkdirmək istəyirsə, mənə zəng edir ki, öz bağıma işığı necə çəkdirə bilərəm?

 

- Hansısa bir abonentin xətrinə dəymisinizmi?

 

- Mən səbirli insanam. “Bakıelektrikşəbəkə”də 12 il ərzində heç kəsin xətrinə dəyməmişəm. Hər kəsi səbirlə və diqqətlə dinləyirəm. Fikrimcə, pis insan yoxdur, pis xarakter var. Bir əhvalatı danışıb. Bir yaşlı insan vardı  “Bakıelektrikşəbəkə”-nin sədri ilə görüşmək istəyirdi. Dedim, sədrin işi həddindən artıq çoxdur-bu qədər işlər görülür,-mən qəbul edərək həmin vətəndaşı dinlədim. Xülasə, həmin şəxsin problemi öz həllini tapdı. Amma sonradan yaxşılıq etdiyim insan məni təhqir etdi. Təbii ki, incimirəm. İnsandan da inciyərlərmi?

 

- Övladlarınız arasında sizin sənətinizi davam etdirən varmı?

 

- Çox qəribədir, həyatda çox zaman şair oğlu şair, sürücü oğlu sürücü, musiqiçi oğlu musiqiçi olur. Mənim iki oğlum var və kiçik oğlum ali təhsilini bu il başa vuracaq. Avropa mentalitetlidir. Amma özündən hansı sahəyə maraq göstərdiyini soruşmamışam.

 

- İxtisas seçimində sizə kimsə yardımçı olubmu?

 

- Orta məktəbdə oxuyanda çoxlu sayda qəzet oxuyurdum. Mətbuata həvəsim vardı. Amma orta məktəbdə oxuyanda hərbi sahəni çox tərif etdilər və mən də onuncu sinfi bitirdikdən sonra hərbi məktəbə gəldim. Ancaq bəyənmədim. Bundan sonra böyük bacıma (o zaman APİ-də oxuyurdu) dedim ki, məni ali məktəbləri gəzdir. Birinci getdiyimiz yer ATU oldu və oranı bəyəndim. Həmin ali məktəbə sənədlərimi verdim və qəbul oldum.

 

- Baba olmusunuzmu?

 

- Bəli, martın 7-də baba olmuşam. Qız nəvəm dünyaya gəlib. Adı da Şəms Mustafazadədir. Baba olmaq gözəl hissdir. Hər bir Azərbaycan gəncinə xoşbəxt ailə arzu edirəm. Sonra da Allah onlara baba olmağı nəsib etsin. Böyüyəndə onun hansı sənətin sahibi olmağını isə zaman göstərəcək. Allah nə qismət edəcəksə, o da olacaq.

 Bir daha hər kəsə xoşbəxtlik, ailə səadəti arzu edirəm. Mənim ailə baxımımdan da bəxtim gətirib. Həyat yoldaşımla 10 il bir yerdə təhsil almışıq. Arzu edirəm ki, hər kəsə bu xoşbəxtlik nəsib olsun.

 

- Sizin üçün işıq nədir?

 

 - İki saniyə işıq sönəndə insan narahatçılıq hissi keçirir, amma işıq olanda insanın üzündə təbəssüm yaranır. İşıq hər şey deməkdir. İşıq yoldur, sağlamlıqdır, gələcəkdir.

 

- Həyatda sizə pislik edənlər çoxmu olub?

 

- Anam həmişə mənə deyir ki, sən dostunla düşmənini ayırd edə bilmirsən. Mənim şəxsi düşmənim yoxdur. Təbii ki, ermənilərdən savayı, çünki onlar minlərlərlə soydaşımızı öldürüb, torpaqlarımızı işğal edib. Amma həyatda heç kəsə düşmən gözü ilə baxmamışam. Onu da deyim ki, mənim ətrafımda dostlarım çoxdur. Bu dostluğu mən etibarımla, inamımla, sədaqətimlə qazanmışam.

 

- Mətbuatda qərəzli yazılarla tez-tez rastlaşırsınız?

 

- Mən mətbuat xidmətinə rəhbərlik etdiyim dövrdə etibarən bütün KİV-lərə eyni münasibət bəstələmişəm. Bu gün Bakıda elektrik enerjisi sahəsində çox böyük işlər görülüb və bu proses bu gün də davam etməkdir. Təbii ki, iş olan yerdə problem də olmalıdır. Ancaq gərək hər şeyə obyektiv qiymət verəsən. “Bakıeletrikşəbəkə” rəhbərliyinin tapşırığı da bundan ibarətdir ki, bütün vətəndaşlara müsbət münasibət göstərək və hər bir vətəndaşı, abonenti dinləyək.  

 

- Bir azərbaycanlı olaraq ən böyük arzunuz nədir?

 

- Ən böyük arzum işğal altında olan torpaqlarımızın tezliklə işğaldan azad olunmasıdır. Arzu edirəm ki, Azərbaycanın üç rəngli bayrağı tezliklə Qarabağda, Qərbi Azərbaycanda dalğalansın. Heç şübhə etmirəm ki, ölkə prezidenti, dünyada böyük nüfuz sahibi olan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Mən buna bir azərbaycanlı olaraq əminəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2581

Oxşar yazılar