“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ən böyük layihələrdən olan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Qala qəsəbəsindən Zirə qəsəbəsinədək hissəsinin inşasına başlanıb. Bu barədə Lent.az-a “Azərsu”dan məlumat verilib.
Ceyranbatan-Balaxanı-Ramana-Qala magistral su kəmərinin davamı olaraq tikilən xətt 22,2 km layihələndirilib və 1020 mm diametrli metal borularla çəkilir. İnşaat işlərinə başlanandan kəmərin 2,7 km-lik hissəsində qaynaq işləri başa çatdırılıb və borular xəndəyə endirilib. Kəmərin tikintisində ən son texnologiyalardan istifadə olunur. Borular avtomatik idarəolunan qaynaq aparatları vasitəsi ilə birləşdirilir və hər bir qaynaq tikişi ultrasəs aparatı vasitəsi ilə yoxlanılır. Kəmərlə nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq məqsədi ilə borular daxildən xüsusi izolyasiya ilə örtüklənir.
Qala-Zirə su xətti Ceyranbatan-Balaxanı-Ramana-Qala xəttinə qoşulmaqla hazırda inşa edilən 10 min kubmetr tutumlu Zirə su anbarını su ilə təmin edəcək. Növbəti mərhələdə Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Zirə qəsəbəsindən Pirallahı qəsəbəsinədək olan hissəsi tikiləcək.
Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su xətti tam istismara verildikdən və qəsəbələrdə paylayıcı şəbəkələr yenidən qurulduqdan sonra Abşeron yarımadasında 1 milyona yaxın sakinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.