Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyəti olan “+110 Şərq” anbar kompleksində genişmiqyaslı işlər görülür. Bu barədə Lent.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
İstehlakçılara verilən içməli suyun keyfiyyət göstəricilərinin qəbul edilmiş standartlara uyğunluğunu təmin etmək və fasiləsiz su təchizatı rejiminə nail olmaq üçün “+ 110 Şərq” su anbarı kompleksində hər birinin tutumu 12,5 min kubmetr olan 10 ədəd anbarın istismar vəziyyəti mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra işlərə başlanılıb.
İşlərə başlanandan indiyə qədər 4 anbarda əsaslı təmir işləri tam başa çatdırılıb və onlar istismara verilib. Hazırda digər 6 anbarda işlər davam etdirilir. Görülən işlərin nəticəsi olaraq anbardan qidalanan ərazilərdə 24 saatlıq su təchizatına keçməyə imkan yaranacaq.