“Azərişıq” ASC-nin yaradılmasından artıq on ay keçir. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu müddət ərzində ölkəmizin enerji təchizatında ciddi dönüş əldə edilib. İlk günlərdən başlayaraq yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi öz məntiqi nəticələrini verməkdədir.
Nəzərinizə çatdıraq ki, “Azərişıq” –ın qısa müddət ərzində Bakı, Şimal, Şimal-Qərb, Qərb, Cənub, Aran, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarələri kimi 7 regional idarəetmə strukturu formalaşdırılıb.
Enerji təchizatında uğurlu nəticələr əldə edən “Azərişıq” ASC yerlərdə əməkdaşlarının keyfiyyətli xidmət göstərməsi üçün iş şəraitin yaxşılaşdırılması istiqamətində də ciddi tədbirlər görür. İlk olaraq əmək fəaliyyətinin təhlükəsizliyi üçün işçilər uniformalarla təmin ediliblər. Onların fəaliyyət sahəsinə və qəza yerlərinə tez yetişmələri üçün 100-dən artıq Almaniya və Yaponiya istehsalı olan komfortlu avtomobillər RETSİ-lər üzrə paylanıb. Yaxın vaxtlarda bu avtomobillərin sayı 200-ə çatdırılacaq. Bununla yanaşı 18 rayonda yeni ofislərin tikintisinə başlanılıb.
Onlardan Gəncə, Ağsu, Ucar, Goranboy, Sabirabad, Cəlilabad Elektrik Şəbəkələri üçün tikilmiş ofis binaları artıq istifadəyə verilib. İki mərtəbəli ofis binaları “Azərişıq” ASC-nin bütün rayonlar üçün nəzərdə tutulmuş ümumi standarta uyğun tikilərək başa çatdırılıb. İş otaqları energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar, işçilərə asudə vaxtlarını keçirmək üçün yemək və istirahət otaqları da yaradılıb.
Diqqətinizə çatdıraq ki, tezliklə daha 8 rayonda “Azərişıq” ASC-nin ofis binaları tikilib başa çatdırılacaq.
Bu ofislər əsasən eyni tipli olsa da bəzi regionlarda yerli memarlıq xüsusiyyəti də nəzərə alınıb. Məsələn, bu yaxınlarda tikintisi başa çatdırılmış Gəncə şəhərindəki 35 kV – luq yarımstansiya binasının dizayn xüsusiyyətlərində yerli memarlığın bütün cəhətləri nəzərə alınıb.