Bu ilin fevral ayından başlayaraq abonentlərə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində xidmətlərini təklif edən ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi yaxın vaxtlarda bu xidmətlərin əhatə dairəsini genişləndirəcək, abonentlərə göstərilən xidmət növlərinin sırasına daha bir neçəsi əlavə ediləcək. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Mexaniki sayğacların smart tipli sayğaclarla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, smart tipli sayğacın digər smart tipli sayğacla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğac kartlarının verilməsi, eləcə də səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsi ilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi kimi xidmətlər də “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. Xidmətlərin əhatə dairəsi genişləndikdən və yeni növ xidmətlərin tətbiqindən sonra Bakı şəhərindəki Qaz istismar sahələri tərəfindən bu xidmətlərin göstərilməsi dayandırılacaq.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Bakı şəhərində “Azəriqaz” İB-nin ayrıca fəaliyyət göstərən Müştəri xidmətləri ofisinin açılması da planlaşdırılır.
ANAR MƏCİDZADƏ