“Könüllülük təcrübə və həyat məktəbidir. Gənclər ali məktəbi bitirdikdən sonra iş axtarmağa başlayırlar və istənilən işəgötürənin ilk sualı bu olur – “təcrübə varmı?” Bu gənclər üçün maneədir”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişində qonaq olan Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İnsan Resursları və Təlim şöbəsinin müdir müavini, “ASAN School” Könüllülük Proqramının rəhbəri Cahangir Hacıyev deyib.
O, rəhbəri olduğu proqram barədə ətraflı məlumat verib, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlayan gündən strategiyanı gənc vətəndaşlar üzərində qurduğunu deyib: “Bu prosesdə onlar həm təcrübə qazanmış olacaqlar, həm də ölkəmizdə həyata keçirilən inzibati islahatların aktiv iştirakçılarına çevrilmiş olacaqlar və öyrəndiklərini həm özlərinin, həm də ətrafdakı insanlara tətbiq edəcəklər. “ASAN School” Könüllülük məktəbinə gələn gənclər ilk növbədə sənədlərlə işləməyi, sorğu keçirməyi öyrənirlər, vətəndaşla ünsiyyət qurmaq bacarığını özlərinə aşılayırlar. Eyni zamanda vaxtı düzgün müəyyənləşdirmək bacarığına yiyələnirlər. Həmçinin, mədəniyyət sahəsinə inteqrasiya edirlər. Hər könüllü qrupu azərbaycanlı mütəfəkkirin adını daşıyır. Həmin könüllülər o mütəfəkkiri araşdırırlar, onun irsini öyrənirlər, öz aralarında disputlar yaradırlar, dəyirmi masalar keçirirlər. Yəni, proses təkcə, sənədlərlə işləməyi öyrənməklə bitmir”.
“Könüllülərin 70%-i xanımlardan ibarətdir”
Sözügedən layihəni könüllülərin ümumi dünyagörüşünün, eyni zamanda nitq qabiliyyətinin inkişafına xidmət edən bir təcrübə məktəbi kimi qiymətləndirən C.Hacıyev, bu sistemin 2015-ci ilin yanvar ayından etibarən tətbiq olunmağa başladığını əlavə edib: “Həzi Aslanov, Hacı Zeynalabdin Tağıyev, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Səməd bəy Mehmandarovun adını daşıyan qruplar artıq məzun olmaq üzrədirlər. Yeri gəlmişkən, bu günlərdə ASAN xidmət mərkəzinin könüllüləri Bakıda səfərdə oldular. Onları ASAN könüllüləri teatrı da adlandırmaq olar və Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşasını nümayiş etdirdilər. Bu onların Bakıya 2-ci səfəridir. Tamaşa Gənc Tamaşaçılar Teatrında təqdim olundu. Fürsətdən istifadə edib əməkdaşlığa görə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm”.
Cahangir Hacıyev bildirib ki, könüllünün hansı ixtisasa sahib olmasının xüsusi əhəmiyyəti yoxdur: “Könüllünün hansı ixtisasa malik olması, orta yaxud ali təhsilli olması o qədər də önəmli deyil. Əsas məsələ gəncin şəxsi keyfiyyətlərinin könüllülük fəlsəfəsinə uyğun olmasıdır. Hər bir ASAN xidmət mərkəzində könüllülərin seçilməsi üçün xüsusi komissiyalar var. Rəsmi müraciətdən sonra könüllü olmaq istəyən gənc müsahibəyə dəvət olunur və yalnız bu zaman onun könüllü olmağa qadirdir yoxsa yox? Burada söhbət konkret olaraq, xidmət sahəsində könüllü olmaqdan gedir. Çünki bu sahə daha həssasdır və hər cür insanla qarşılaşmaq mümkündür. Buna görə də könüllü vəziyyətdən çıxmağı bacarmalıdır. Çalışırıq ki, könüllüləri təlimlərə cəlb edək. Müsbət nəticələr var”.
Qonaq həmçinin, könüllülərin ümumi xarakteristikasından danışıb və bildirib ki, könüllülərin 70%-i xanımlardan ibarətdir: “Onlar kifayət qədər aktivdirlər. İstər idman yarışlarında, istərsə də intellektual yarışmalarda uğur qazanırlar. Görünür, yaradılmış mühit xanımları qane edir. Cinsindən, dinindən, təhsilindən asılı olmayaraq, hər bir insan könüllü ola bilər. Bəzi könüllülər yay mövsümündə fəaliyyətə başlayırlar, tədris ili başlananda zamanı düzgün bölməmək problemi ilə qarşılaşdıqları üçün ayrılmaq məcburiyyətində qalırlar. Amma belə könüllülərin sayı çox azdır”.
Cahangir Hacıyevin sözlərinə görə, könüllülərin hazırlanması mərhələli şəkildə həyata keçirilir: “ASAN könüllüləri iki əsas platforma üzrə fəaliyyətdə olurlar: 1. “ASAN School” Könüllülük məktəbi çərçivəsində; 2. “ASAN” Könüllüləri Təşkilatı çərçivəsində. İlk 2 ayı könüllülər məktəb daxilində, sonrakı mərhələ artıq təşkilat daxilində fəaliyyət göstərirlər. Könüllülük ödənişsiz fəaliyyətdir. Amma gənclər artıq işə başlayanda bu barədə məlumatlı olurlar. Könüllülər sadəcə yaradılmış şəraitdən yararlanmağa və təlimlərdən faydalanmağa çalışırlar. “ASAN School” Könüllülük məktəbi 3 hissədən ibarətdir: master1; master2; ASAN kadr karyera mərkəzi. Biz könüllülərə iş tapmaqda dəstək olmağa çalışırıq”.
“Bu günə qədər ölkədə institutlaşmış könüllülük məktəbi olmayıb”
Verilişin digər qonağı “ASAN” Könüllüləri Təşkilatının sədri Fərid Sadıxlı isə rəhbəri olduğu qurumun yaranma tarixindən danışıb: “İşə kiçik qrupla başladıq. 1 il sonra könüllülərin sayının artması ilə qərara gəldik ki, bu gənclər şəbəkəsini təşkilatlandıraq. Bu günə qədər ölkədə institutlaşmış könüllülük məktəbi olmayıb. Təşkilatın yaradılması könüllülərin təşəbbüsü ilə qərara alınıb. O zaman könüllülərin sayı 1900 civarında idi. Əsas xidmət cəmiyyətə xidmət edən şəbəkə yaratmaq idi. Tədricən, regionlarda da könüllülük fəaliyyətinin genişləndirilməsi işlərinə başladıq. Son 1 ildə təxminən, fərqli sahələr üzrə 100-ə yaxın layihə həyata keçirilib – natiqlik klubu, zamanın idarə olunması, layihələrin idarə edilməsi, karyera qurmaq, CV – lərin yazılmasından iş mühitindəki etik davranışlara qədər müxtəlif bacarıqların aşılanması; beyin funksiyalarını da öyrədən təlimlər həyata keçirdik ki, ünsiyyətlə olduqları insanlarla düzgün davrana bilsinlər. Eyni zamanda, intellektual layihələrimiz də var. Hətta intellektuallar klubu var ki, onlar müxtəlif yarışmalarda iştirak edirlər. Artıq könüllülərimiz beynəlxalq layihələrdə də ölkəmizi təmsil edirlər. Bu günə qədər fərqli layihələrdə 6000-ə qədər könüllü iştirak edib. Təşkilatımız könüllülərin fərd, eyni zamanda sosial baxımdan inkişafına xidmət edir”.