“1646” xidməti: “...dərhal həll olunacaq” - REPORTAJ
12 iyul 2013 14:45 (UTC +04:00)

“1646” xidməti: “...dərhal həll olunacaq” - REPORTAJ

“Bizim bu icra hakimiyyətləri sirli qalaya dönüb, bala. Söz nədir, heç qalaq-qalaq kağız da göndərirsən dərdinə-sərinə cavab verən yoxdur. Balaca eyvan nədi ki, düz üç aydır mən buna görə icra hakimiyyətindən cavab ala bilmirəm. Durub əlimi də tərpədib icazələri olmadan evdə iş görsəm üstümə tökülüşəcəklər ki, “bəs niyə icazə almamısan?” Yəni borclu da çıxaracaqlar hələ məni. Yaman ilişmişəm...”

Bu, yaşlı bir tanışımın yaşadığı rayon icra hakimiyyətindən müraciətinə cavab almaması ilə bağlı narazılığı idi. Onun oğlu Avropadan təzəcə qayıtmışdı. Orda yaşayanların bu kimi problemlərdən uzaq olmasını, bizdən fərqli olaraq orada yerli bələdiyyələrin sakinlərə necə xidmət göstərməsindən danışırdı.

Belə söhbətləri eşitdikcə qarşıda icra hakimiyyətləri ilə məni nələr gözlədiyini təsəvvür edib şəhər həyatından qorxmağa başlayırdım...

Amma bu, ilk xəbər də deyildi. Şəhərdə yaşayan tanışların, dostların yerli icra hakimiyyətləri haqda narazılıqlarını hər gün eşidirdim. Aldığı torpağa sənəd, evin təmirinə icazə, kanalizasiya problemləri, qaz, su və s. və i.

Prezidentin bəzi məmurlara  xəbərdarlığı bu problemin həllində dönüş yaratdı. Bu il fevralın əvvəlindən Binəqədi Rayon İcra Hakimiyyəti icra hakimiyyətləri arasında ilk dəfə olaraq yeni - “Sakinlərin Müraciət Xidməti – 1646″ (SMX–1646) xidmət mərkəzini istifadəyə verdi.

 

Hamı razıdır

 

Təsadüfən Binəqədi Rayon İcra Hakimiyyətində bu xidmətin geniş təqdimatında iştirak etdim. Yeni yaranan xidmət haqqında deyilənlər ən azı, eşidənlərdə ümidlər yaratdı.

Maraq üçün bu xidmətin fəaliyyətini imkan olduqca izləməyə başladım. Nəzərə alsaq ki, sosial baxımından Binəqədi daha aktiv rayondur. İndiyə qədər istər torpaq alqı-satqısı ilə, istər yolların, kommunal xətlərin çəkilməsi ilə bağlı şikayətlər bu rayondan gəlir.

Bəlkə də elə buna görə bu xidmətin  Binəqədidə yaradılması daha çox əks-səda doğurdu...

“Bunlardan çıxmayan iş?! Ayrı vaxt “JEK”-in işçilərini çıraqla axtarırdıq. Ancaq indi zəng edən kimi cavab verirlər. Qəribədir. Gördün ay bajı, zibili ayrı vaxt atdıra bilmirdik... Təzə çıxan bu nömrəni eşidən kimi zəng etdim ki, binanın zirzəmisinin zibilini yadlarına salım. Telefonda cavab verdilər ki, “dərhal həll olunacaq və həll olunan kimi özünüz zəng vurun bu nömrədə (1646) deyin ki, gəldilər təmizlədilər, yoxsa bizdən tez-tez bunu soruşacaqlar, çünki zənginiz qeydiyyata alındı”... - bu isə, İcra hakimiyyətində 1646 nömrəsinə zəng edib şikayətini bildirən, Azadlıq Prospekti 184 ünvanında yaşayan Məmmədova Natəvanın zəngdən sonra təsadüfən dəstəyi asmadan yanındakı qonşusu ilə etdiyi söhbətdəndir. Hansı ki, Xidmətin qaydalarına görə, şikayətçi telefonu asmadan əməkdaşlar dəstəyi asa bilməzlər. Natəvan xanım da dəstəyi asmağı unutduğu üçün onun etdiyi söhbət də qeydə alınıb.

Natəvan xanım kimi bir çox sakinlər xidmət fəaliyyətə başlayan günlərdə “Sakinlərin Müraciət Xidməti – 1646”-ya inanmırdılar. Bu da həmin sakinlərin günahı deyil, icra strukturları ilə sakinlər arasında indiyə kimi yaşanan müəyyən boşluğun olduğundan doğub...

Buna baxmayaraq, artıq Xidmətin mahiyyətini olduğu kimi qəbul edən sakinlərin sayı atır və tədricən yararlananların sayı da çoxalır. Məsələn, “Azadlıq” prospekti 182, mənzil 85 də yaşayan Məmmədova Mehri binada qazla, suyla problem olduğunu müvafiq qurumlara çatdıra bilmirmiş. Burda müraciətlər elektron formada qeydə alınır. Beləliklə, problemlər həll olunur. Cavabdeh qurumlar məsələni həll etmədiyi təqdirdə müraciət icra hakimiyyəti tərəfindən Prezident Administrasiyasına yönəldilir və həmin qurum barəsində ölçü götürülür...

 

Sakinlər ən çox nədən şikayət edir?

 

Bu baxımdan aidiyyəti qurumlar “1646”-ya daxil olan müraciətin məsuliyyətini artıq vaxtında dərk edirlər. Daxili İşlər Nazirliyində yaradılan “102 xidməti” kimi...

Vətəndaşlar artıq xidmətə zəng edib buna görə icra başçısına təşəkkürlərini bildirirlər...  Nəticələr ilə maraqlandıq. Binəqədi Rayon İcra Hakimiyyətindən bildirdilər ki, rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək və bütün bu məsələləri əlaqələndirmək üçün icra başçısının sərəncamı ilə Sakinlərin Müraciət Xidməti 6 fevral 2013-cü il tarixdən istifadəyə verilib. Rayon İcra Hakimiyyəti başçısının imzası ilə təsdiq edilmiş qrafikə uyğun olaraq, rayonun bütün inzibati nümayəndəliklərində vətəndaşlarla görüş keçirilib və bu barədə onlara ətraflı məlumat verilib. Eyni zamanda, Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə 50.000 ədəd buklet, bildiriş və konvert sifariş edilərək hazırlanıb və 1 aprel  tarixədək 30.000 ədəd bukletin vətəndaşların ünvanlarına göndərilməsi təmin edilib.

1 iyul 2013-cü il tarixə qədər 1646-da daxil olmuş zənglərin sayı–5390, birbaşa cavablandırılmış zənglərin sayı – 4382, yaradılmış əks əlaqələrin sayı – 2448, tərtib edilmiş sual vərəqələrinin sayı – 58, tərtib edilmiş şikayət vərəqələrinin sayı – 1490 olub. Bundan əlavə xidmət səviyyəsi – 95.8 %, icraçılıq səviyyəsi – 98.6 % təşkil edib.  Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində iki rüb ərzində müraciətlərinin 1490 -ı və ya 25.1 %-i üzrə şikayət vərəqəsi, 58-i və ya 0.9 %-I üzrə sual vərəqəsi tərtib edilib. Şikayət xarakterli 1490 müraciətin 1469 və ya 98.6 %-nin icrası təmin edilib, o cümlədən 1103 və ya 75 %-i tam həll olunmuş, 23 və ya 1.5 % qismən həll edilmiş, 343 şikayət və ya 23.3 % müvafiq izahat verilərək həll edilmiş, 21 və ya 1.43 %-nin həlli icraatdadır. Daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə, müraciətlərin 443-ı və ya 29.7 %-i su-kanalizasiya, 274 və ya 18,3%-i qaz təchizatı, 115 və ya 7.7 %-i elektrik enerjisi, 101 və ya 6.7 %-i lift problemləri, 88 və ya 5.9 %-i yolların yararsız olması, 75 və ya 5 %-i istilik təchizatı, 44 və ya 2.9 %-i zibil və tullantılar ilə əlaqədar, 350 və ya 23.4 %-i isə sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub.

 

Yazı Binəqədi Rayon İcra Hakimiyyətinin “22 iyul – Mətbuat Günü” münasibətilə jurnalistlər arasında keçirdiyi müsabiqəyə təqdim olunur

Mübariz Aslanov, APA İnformasiya Agentliyi  mubariz1982@mail.ru

 

# 1648
avatar

Oxşar yazılar