5 ayda 458 qida zəhərlənməsi, 14 botulizm
28 iyun 2013 17:11 (UTC +04:00)

5 ayda 458 qida zəhərlənməsi, 14 botulizm

Qidalanma gigiyenası şöbəsinin müdiri: “Çox vaxt həqiqəti gizlədirlər...”

 

 

“Bu ilin 5 ayı ərzində 458 qida zəhərlənməsi, 14 botulizm (konservdən zəhərlənmə) qeydə alınıb”.

 

Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev söyləyib.

 

Şöbə müdiri deyib ki, temperatur artdıqca qidadan zəhərlənmə hallarının artması meyli də müşahidə olunur. Məsələn, təkcə may ayında 105 qida zəhərlənməsi, 5 botulizm hadisəsi qeydə alınıb.

 

İmran Abdullayev onu da bildirib ki, zəhərlənmə halları şadlıq sarayları, restoran kimi ictimai-iaşə obyektlərindən daha çox evlərdə baş verib: “458 zəhərlənmə hadisəsinin demək olar ki, hamısı evlərdə baş verib. Bu səhər də bununla bağlı iclas keçirdik. Məsələ həm də ondadır ki, zəhərlənmə evdə baş verdiyi üçün ev sahiblərinin 95 faizi düzgün məlumat verməkdən yayınır. Çox vaxt həqiqəti gizlədirlər, deyirlər ki, mağazadan tort, cipsi və s. almışdıq. Ancaq araşdırma zamanı söylənənlər diaqnozla üst-üstə düşmür. Məlum olur ki, qazan yeməyi yeyilib, yaxud 1-2 gün əvvəl hazırlanmış salat olub. Ev sahibləri zəhərlənmə halları zamanı həqiqəti gizlətməməlidirlər. Həm də nəzərə almalıdırlar ki, qanunda evdə qidadan zəhərlənmə ilə bağlı məsuliyyət nəzərdə tutulmayıb. Bizim də məqsəd sadəcə, zəhərlənmənin səbəbini müəyyənləşdirmək və bu səbəblərin aradan qaldırılmasına, gələcəkdə belə halların baş verməməsinə çalışmaqdır”.    

 

Qidalanma gigiyenası şöbəsinin müdiri onu da qeyd edib ki, ictimai-iaşə obyektlərinə ilin bütün fəsillərində, aylarında davamlı olaraq dövlət nəzarəti həyata keçirirlər: “Məsələn, bu ilin 5 ayı ərzində şadlıq sarayları və restoranlarda soyuq qəlyanaltılardan 83 nümunə götürülüb, hər hansı qeyri-kafi hal aşkarlanmayıb. Həmin ictimai-iaşə obyektlərindəki avadanlıqlardan, orada çalışan işçilərindən əlindən, istehlakçıların istifadə etdikləri qab-qacaqdan isə 12 min 376 yaxma götürülüb. Cəmi 199 çirklənmə faktı aşkarlanıb. Bu da ciddi hal deyil, təkrar yoxlama zamanı bu hallar aradan qaldırılıb. Şadlıq sarayları və restoranlarda bu sahədə ciddi problem yoxdur”.

 

Qeyd edək ki, bu ilin 5 ayı ərzində qida zəhərlənməsindən həyatını itirənlər olmayıb. Həmin şəxslər lazımi tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512
avatar

Oxşar yazılar