2 nömrəli xüsusi internat məktəbində Novruz şənliyi keçirilib
Martın 16-da Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Novruz bayramı münasibəti ilə şənlik keçirilib.
Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlik Dədə Qorqud, Novruz personajları Bahar qızı, Kosa və Keçəlin gəlişi ilə başlayıb. İnternat məktəbinin həyətində Novruz tonqalı yandırılıb, milli geyimdə olan uşaqlar tonqal ətrafında yallı gediblər.
Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, tədbirdə şagirdlərin ifasında Novruz bayramının çərşənbələrini, adət- ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib. Uşaqlar Kosa və Keçəl ilə birgə rəqs edib, mahnı oxuyublar.
Qeyd edək ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub, tədris ocağının yeni korpusu 2015-ci ilin noyabrında şagirdlərin istifadəsinə verilib. Müasir dizayna malik və bütün tələblərə cavab verən tədris korpusu lazımi avadanlıqlarla təchiz olunub. Burada şagirdlərin peşəyönümlü inkişafı üçün tikiş, aşpazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik kimi dərnəklər fəaliyyət göstərir. Məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün akt və idman zalları mövcuddur.
İnternat məktəbində 189 şagird təhsil alır, onlardan 118 şagird burada gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 37 müəllim və 24 tərbiyəçi məşğul olur.
Məktəbdə ümumtəhsil fənlərindən əlavə tədris edilən “Tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş”, “Mimika və daktioloji iş” kimi dərslər fərdi şəkildə müəllim-loqoped tərəfindən aparılır.
622