“Seçki komissiyaların fəaliyyətinə müdaxilə edənlər məsuliyyətə cəlb edilə bilər”
Baş Prokuruluq 2005-ci ildən sonra Azərbaycanda keçirilən seçkilərlə əlaqədar daxil olan müraciətlərin statistikasını açıqlayıb. Lent.az-ın məlumatına görə, 2005-ci ilin parlament seçkilərinin nəticələri ilə bağlı Baş Prokurorluğa 365 müraciət daxil olub. Həmin müraciətlərin 102-si MSK-dan, 35-i Dairə Seçki Komissiyalarından, 4-ü partiyalar blokundan, 31-i hüquq mühafizə orqanlarından, 193-ü isə vətənlaşlardan daxil olub. Həmin vaxt 20 DSK ilə bağlı cinayət işi qaldırılıb. Eyni zamanda 10 DSK-nın nəticələri ləğv edilib. 4 DSK-nın nəticəsi MSK, 6 DSK-nın nəticəsi isə Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunub.
2008-ci ilin prezident seçkiləri zamanı isə Baş Prokurorluğa heç bir müraciət daxil olmayıb. R. Usubov deyib ki, 2010-cü ildə parlament seçkiləri ilə bağlı 89 müraciət daxil olub. Həmin müraciətlərin 83-ü MSK və DSK-lara göndərilib, 5-i ilə bağlı şərh verilib. Bir müraciətlə bağlı isə cinayət işi açılıb: “Həmin müraciət 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasında namizədliyi qeydə alınan Vidadi İsgəndərov tərəfindən məntəqə seçki komissiyalarının işinə müdaxilə olunması ilə bağlıdır”.
Rüstəm Usubov deyib ki, qanun pozuntularının sayının azalması seçki komissiyalarının işini düzgün qurmasının nəticəsidir: “Seçki komissiyalarının fəaliyyətinə müdaxilə edənlər, partiyalar, bələdiyyələr, digər qurumların təmsilçiləri Cinayət Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilə bilər ”.